XİN qondarma “seçkilər“lə bağlı bəyanat yaydı

XİN qondarma “seçkilər“lə bağlı bəyanat yaydı backend

Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma rejimin “özünüidarə orqanları”na seçkilər keçiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibətini açıqlayıb.


APA TV-nin məlumatına görə, Azərbaycan XİN-in verdiyi bəyanatda işğal altındakı ərazilərdə Ermənistan tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulanır:

"Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar atan Ermənistan silahlı münaqişənin siyasi həllində maraqlı deyil və əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi olmayacaq".

Bəyanatda deyilir ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə nail ola bilməz: "Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz. Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək".



Diaspora