Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, avqustun 31-də Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə qəsəbədə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, yerli sakinlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, 499 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 18935 metr polietilen və 21494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 499 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə qəsəbə sakinlərini təbrik edib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq həyata keçirilən sosial layihələrdən söhbət açan T.Qaraşov Lənkəranda 62 yaşayış məntəqəsinin qazlaşdırıldığını, ilin sonunadək daha 6 kəndə “mavi yanacaq” veriləcəyini diqqətə çatdırıb.
Qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.