Sərhəddəki gərginliyin səbəbi: ermənilər qan istəyir - Polkovnik

Sərhəddəki gərginliyin səbəbi: ermənilər qan istəyir -  Polkovnik backend

Ötən gün bəzi erməni mənbələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Vəngli kəndi istiqamətində, Gəncəsər monastrı yaxınlığında mövqelərdə irəlilədiyini iddia edirdilər. Erməni rəsmiləri isə bunu təkzib etdilər.

Bəs ermənilərin belə dezinformasiya yaymaqda məqsədi nədir? Danışıqların getdiyi bir vaxtda onları yalan məlumat yaymağa nə vadar edir?

Qaziler.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az-a açıqlamasında ermənilərin məqsədyönlü şəkildə dezinformasiylar yaydığını bildirib:

“Ermənilər mümkün olan və olmayan bütün yollardan istifadə edərək, Azərbaycanı təxribata sövq etmək istəyirlər. Bu dezinfomasiyalar hər zaman olub. Lakin vətəndaşlarımız istər sosial mediada, istərsə də mətbuatda son dərəcə ehtiyatlı, ayıq-sayıq olmalıdırlar. Məlumatları yalnız rəsmi orqanlara istinadən paylaşmaq məqsədəuyğundur".

Ekspert qeyd edib ki, gərginliyin yaranma səbəblərindən biri də qeyri-qanuni silahlı erməni birləşmələrinin hələ də Azərbaycan ərazisində olmasıdır:

“Ötən gün ABŞ Dövlət katibi Blinkenin müavini Ceyhun Bayramova zəng edib. XİN rəhbəri bildirib ki, üçtərəfli razılaşmaya uyğun olaraq, Ermənistan Ordusu Azərbaycan ərazisindən çəkilməlidir. Yəni rəsmi məlumata ilk dəfə belə bir fikir salınıb ki, qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmayıb. Hətta onlar rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən bizim mövqeləri atəşə tuturlar. Azərbaycanın səbri sonsuza qədər deyil. Azərbaycan Ordusu Ali Baş Komandanın göstərişinə əsasən, hər an istənilən addımı atmağa hazırdır. Biz bundan sonra 30 il də gözləyəsi deyilik ki, ermənilər və onlara havadarlıq edənlər doğru seçim etsinlər. Doğru seçim ondan ibarətdir ki, erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxmalıdır. Azərbaycan bunu istəyir və mütləq buna nail olacaq”.

Ü.Cəfərov ermənilərin böyük bir toqquşma yaratmaq istədiklərini bildirib:

“Ermənilər çox böyük toqquşmanın baş verməsini və qan tökülməsini istəyirlər. Məqsədləri isə daha sonra beynəlxalq qurumları dövrəyə salaraq, danışıqları, müzakirləri illərlə uzatmaqdır. Eyni zamanda sülh danışıqları prosesini uzatmaqla, sərhədlərin delimitasiya və demarkasiya məsələsini də yubatmağa səy göstərirlər. Ona görə təxribatlara, dezinformasiylara əl ataraq vaxt qazanmaq istəyirlər. Onların havadarları da sülh məsələsinin uzadılmasına maksimum dərəcədə çalışırlar. Lakin ermənilərin bütün təxribat və cəhdlərinə baxmayaraq vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır".

Ekspert əlavə edib ki, Azərbaycan Ordusu düşməni yerində oturtmağı çox gözəl bacarır:

“Əgər ermənilər bir balaca həddini aşacaqsa, Azərbaycan Ordusu onları yerində oturdacaq. Gələn ay 44 günlük Vətən müharibəsinin il dönümüdür. Ermənilər bu iki ildə sülhə doğru iki addım belə atmayıblar. Üçtərəfli bəyannamənin müddəaları yerinə yetirilmir. Ermənilər doğurdan da sülh istəyirlərsə, bu bəndləri yerinə yetirsinlər. O zaman heç bir gərginlik də olmayacaq”.

Diaspora