Azərbaycan bu silahlardan əziyyət çəkən Suriyadan sonra ikincidir

Azərbaycan bu silahlardan əziyyət çəkən Suriyadan sonra ikincidir backend

3 Dekabr 2008-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının “Kasetli Silahlara dair Konvensiya”sı Oslo (Norveç) şəhərində imzalanmışdir. 1 Avqust 2010-cu il tarixdən qüvvəyə minmiş bu Konvensiyanı hal-hazırda 123 ölkə imzalamışdır ki, onlardan da 110 ölkə ratifikasiya prosesini başa çatdırmışdır. Konvensiyaya üzv  dövlətlər 10 il ərzində nəzarətində olan ərazidəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir.

Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanovun Qazilər.az-a verdiyi məlumatda yer alıb. 

Bildirilib ki, bu Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən, onlarla dövlət isə bu silahların istehsalına investisiyalar qoymaqdan imtina etmişdir.

Konvensiyaya üzv ölkələr ehtiyatlarında olan kasetli silahların 99% məhv etmişlər. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1.5 milyon kasetli silahların 178 milyon subsursatı məhv edilmişdir. 63.4 km2 ərazisi təmizlənmişdir.

Son hesabat dövründə kasetli silahlardan 360 nəfərin zərər çəkəndiyi rəsmi qeydə alınmışdır. Zərərçəkənlərin hamısı mülki şəxslərdir ki, onların da 44%-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriyada qeydə alınıb (182 nəfər) və Azərbaycanda (107 nəfər) qeydə alınmışdır.

Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirmişdir ki, Dağlıq Qarabağda kasetli silahlardan istifadə etməyib və “ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır”. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan “Smerç” reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə etmişdir. 28 Oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atılmış mərmi 9N235 tipli subsursatla təmin edilmiş kasetli raket olmuşdur ki, bunun da nəticəsində 21 nəfər həlak olmuş və 70 nəfər yaralanmışdır. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunmuşdur.

Bütün bu hücumlar nəticəsində ilkin məlumatlara görə 107 nəfər həlak olmuş və yaralanmışdır.