Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Buzovnada yerləşən Laçın rayonu Quşçu kənd orta məktəbinin şagird və müəllimləri, xarici tələbələr, könüllülər və Fondun əməkdaşlarından ibarət qrup Qubada səfərdə olublar.
Fonddan APA-ya verilən məlumata görə, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən klub üzvləri ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, o zaman aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolarla tanış olduqdan sonra 31 mart soyqırımı haqqında sənədli filmə baxıblar.Məktəblilərə məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, erməni vəhşiliyinin yaddaşlardan silinməməsi üçün Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
Səfər iştirakçıları dağ yəhudilərinin Azərbaycanda kompakt yaşadığı Qırmızı Qəsəbədə də olublar.