Prezident İlham Əliyev avqustun 31-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavın etimadnaməsini qəbul edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, səfir Dan Stav fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı İlham Əliyev səfirlə söhbət edib. Səfir Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd edib, Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə edib. Dan Stav Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini deyib.
Prezident Azərbaycanda dini tolerantlığın, multikulturalizmin hökm sürdüyünü vurğulayaraq ölkəmizdə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının bu tolerantlığın, multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini dedi. Dövlətimizin başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, prezident Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun etimadnaməsini də qəbul edib.