Ən gənc Vətən Müharibəsi Qəhrəmanları “Yay Fest”də! - FOTO

Ən gənc Vətən Müharibəsi Qəhrəmanları “Yay Fest”də! - FOTO backend

Vətən Müharibəsi Qəhrəmanları Vüsal Yaqubov və Azər Abdullazadə, Vətən Müharibəsi qaziləri Bəhruz Məmmədzadə, Rəfail Nuriyev və Əqil Sultanov, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyev ən böyük gənclər düşərgəsi – “Yay Fest”də gənclərlə görüşüb.

Görüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun tarixi zəfəri barədə, qazilərin keçdikləri şərəfli döyüş yolu barədə danışılıb, gənclərlə maraqlı müzakirələr aparılıb. 

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizirləri tərəfindən sıra hazırlığı, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib. Həmçinin gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncələr təşkil olunub.
Qeyd edək ki, 2019-cu ildən keçirilərək ənənə halını alan “Yay Fest” gənclər festivalının əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir. 

19 iyul-9 sentyabr tarixlərini əhatə edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (Tələbəlik, Dəmir Yumruq, Yaradıcılıq, Könüllülük, UN SDG, İdeyadan Biznesə, Karyera və İnkişaf, Həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq. Ümumilikdə 2000 gəncin “Yay Fest”dən faydalanması nəzərdə tutulur.

“Yay Fest” festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

 

loading...
Diaspora