Daxili İşlər Nazirliyi bazar günü ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 30-da saat 01 radələrində Tovuz rayonunun Qaraxanlı kəndində kənd sakini Rəsul Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “KamAZ”a vurub. Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölüb. Xəsarət almış digər sərnişini İbrahim Əsədov xəstəxanaya yerləşdirilib.Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Digər qəzada isə Türkiyə vətəndaşı ölüb. Belə ki, dünən saat 12 radələrində Göygöl rayonunun Quşqara kəndində Şəmkir rayon sakini Ramin Allahverdiyevin idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Aktar İsmayılın idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Hər 2 sürücü və R.Allahverdiyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib. A.İsmayıl xəstəxanada ölüb, digər yaralılara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.