Azərbaycanda həbs olunan icra başçılarına verilən cəzalar - VİDEO

Azərbaycanda həbs olunan icra başçılarına verilən cəzalar -  VİDEO backend

Ölkədə sayca səkkizinci icra başçısı həbs olunub. Söhbət İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevdən gedir.

Məhkəmənin hökmü ilə o, ömrünün 12 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq. Üstəlik, keçmiş icra başçısının 5 milyon 344 min manatlıq əmlakı da müsadirə edilib. Xatırladaq ki, 2 il öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Vilyam Hacıyev mətbuata 124 manata kirayə yaşadığını desə də, evindən və kabinetindən milyonlar çıxıb.

Vilyam Hacıyev həbs həyatı yaşayan yeganə sabiq icra başçısı deyil. İcra başçılarının həbs dalğası 3 il əvvəl, 2019-cu ilin dekabrından başlayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafada keçirdiyi əməliyyatla icra başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbsə məhkum edilən sabiq icra başçısı koronavirus səbəbindən ötən ilin sentyabrında vəfat edib.

Nizaməddin Quliyevlə eyni vaxtda Yevlaxın eks-icra başçısı Qoca Səmədov da saxlanılıb. Ötən ilin sentyabrında məhkəməsi yekunlaşan sabiq başçı barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib. Bu ilin yanvar ayında isə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib. Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Qoca Səmədovun özünə və yaxınlarına məxsus xeyli sayda ev, torpaq sahələri, obyektlər müsadirə olunub.

Əməliyyatın davamı kimi 2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti Neftçalaya üz tutub. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də dəmir barmaqlıqlar arxasına yollanıb. Ötən ilin oktyabrında İsmayıl Vəliyevin cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, sabiq başçı 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun da xeyli əmlakı müsadirə olunub. Bu ilin mayında isə İsmayıl Vəliyevin cəzası 4 ay azaldılıb.

2020-ci ilin aprelin 29-da isə rüşvətxor məmurların kabusuna çevrilən əməliyyatçılar Biləsuvara baş çəkiblər. İcra başçısı Mahir Quliyev kabinetindəcə saxlanılıb. Bu ilin martında isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə onun Bakıdakı 1 milyon manatlıq 2 mənzilini və 62 min manatlıq “Audi” markalı avtomobilini müsadirə edib. Həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə ödəniləcək 125 min manatlıq mülki iddianı təmin edib.

Üç aylıq fasilədən sonra bu dəfə Baş Prokurorluq daha bir icra başçısını “ovlayıb”. Avqustun 19-da Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov saxlanılıb. 2021-ci ilin oktyabrında Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olanlardan daha biri 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur. Məhkəmənin verdiyi hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.

Həbs həyatı yaşayanlardan biri də Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur. Bu ilin mayında onun barəsində seçilmiş həbs müddəti daha 5 ay uzadılıb. Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Araşdırmalar göstərir ki, icra başçıları Cinayət Məcəlləsinin təxminən eyni maddələri ilə - rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunub. Vurduqları ziyan və aldıqları rüşvət isə üst-üstə gəlsək, milyardlarla manat edir. Millətin, dövlətin pulu hesabına yağ-bal içərisində yaşayan bu cür məmurların həzin sonu bir daha hər kəsə ibrət olmalıdır.

Daha ətraflı Baku TV-nin süjetində:

loading...
Diaspora