Kəşfiyyatın şəhid "İdris dayısı"nın xatirəsi anıldı – FOTO

Kəşfiyyatın şəhid "İdris dayısı"nın xatirəsi anıldı – FOTO backend

Kəşfiyyatın şəhid "İdris dayısı"nın anım günü keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdam rayonunda baş tutan mərasim Quzanlı qəsəbəsində şəhidlər abidə kompleksinin önündə başlayıb.  

Şəhidin ailə üzvləri, döyüş yoldaşları, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri vətən uğrunda canından keçən qəhrəmanları sayğı duruşu ilə yad edib. Sonra tədbir rayonda Heydər Əliyev Mərkəzində davam edib. 

Ağdam rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, "Qarabağ qaziləri"  birliyinin Ağdam rayon filialının sədri Şamil Əbilov,  əməkdar jurnalist, Qarabağ qazisi Baxşeyiş Abbasoğlu və digərləri şəhidin döyüş yolundan geniş söhbət açıb.  

Diqqətə çatdırılıb ki, İdris Oruc oğlu Hümbətov Qarabağ müharibəsinin ilk illərində, 60 yaşı olmasına baxmayaraq iki oğul övladı ilə döyüşlərə qatılaraq vətənin müdafiəsində dayanıb. Kəşfiyyatçı kimi bir çox döyüş əməliyyatlarında iştirak edən ağsaqqal kəşfiyyatçılar arasında İdris dayı kimi tanınıb.  
O, 1992-ci il 21 iyul tarixində qəhrəmancasına şəhid olub. Şəhidin övladı, Qarabağ müharibəsi veteranı Vüqar Hümbətov atasının yolunu nəvələrinin ləyaqətlə davam etdirdiyini bildirib:  

"Atamın məzarını tapıb ziyarət etmək ən böyük arzum idi. Şükür edirik bu günə. Əminəm ki, atamın ruhu şaddır. Çünki mənim və qardaşımın oğlu torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə layiqincə iştirak etdilər. Buna görə çox şad və qürurluyam".  

Qeyd edək ki, İdris Hümbətov 1926-cı ildə Ağdam rayon Əliağalı kəndində anadan olub. Onun məzarı doğulduğu kəndin qəbristanlığındadır.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Diaspora