Yurda qayıdış sevinci - Ağalıdan - REPORTAJ

Yurda qayıdış sevinci - Ağalıdan -  REPORTAJ backend

İyulun 19-da Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdə böyük bir izdiham vardı. Səhər tezdən Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan hər kəs sevinc göz yaşları içində bir-birini təbrik edir, qucaqlaşaraq vidalaşırdılar. Həqiqətən də burada bir bayram əhval-ruhiyyəsi vardı. Çünki ilk 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınırdı. Bununla da 30 ilə yaxın dövrdə işğal altında olan torpaqlarımıza böyük qayıdış başladı və 58 nəfər Ağalı sakini torpaqlarında məskunlaşmaq üçün yola çıxdılar.

Qayıdışın ilk addımı Ağalıdan başladı

İlk olaraq Zəngilana köçəcək ilk sakinlərin yükləri ilə doldurulmuş avtomobil karvanı yola salındı. Zəngilanın Ağalı sakinlərinin yola salınması mərasimində çıxış edən Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılar qarşısında çıxış edən V. Hacıyev bildirib ki, cənab Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini, qazilərimizə can sağlığı diləyib.

O, bildirib ki, bu gün tarixi hadisənin - Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq: “Müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib: "Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda Zəngilan Hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndində bərpa olunub. Bu kənd “Ağıllı kənd" konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Hazırda ümumilikdə Ağalı kəndinin 1 457 sakini var. Onlardan 1 357 nəfəri bu kənddə yaşamaq niyyətini bildiriblər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə “ağıllı kənd”in ilk sakinləri olacaq insanlar qarşısında çıxış edərək deyib ki, bu gün bayram əhval-ruhiyyəsi ilə Böyük qayıdışın ilk addımını atırıq: “Biz hamımız sevincliyik”.

O, Ağalıya ilk köçən insanlara təşəkkür edib: “Zəngilanda müasir bir kənd salınıb. Azərbaycanda ilk dəfə "ağıllı kənd" konsepsiyası həyata keçirilib, orada müasir şərait yaradılıb. İşğaldan azad olunan ərazilərin hər yerində irimiqyaslı işlər davam etdirilir”.

R.Rzayev məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb: “Bu gün qəbullar zamanı eşidəndə ki, dövlət onlara kifayət qədər dəstək olub, insan sevinir ki, bu cür Vətəni, vətəndaşları, lideri var. Gələcəkdə bərpa olunacaq şəhər və kəndlərdə biz firəvan şəkildə yaşayacağıq. Bu gün 10 ailə Ağalıya köçəcək, onlar öz kəndlərini əlləri, canları, ürəkləri ilə yenidən bərpa edəcəklər. Bu işdə bütün Azərbaycan xalqı bir yerdə olacaq".

Vətənə qurub-yaratmaq üçün qayıdanlar

“Report”a təəsüratlarını bölüşən sakinlər tarixi anlar yaşadıqlarını vurğulayıblar. Zəngilan rayonunun Ağalı kəndinə köçən sakinlərdən biri olan Həcər Məmmədova bildirib ki, onlar öz kəndlərinə, dədə-baba yurdlarına qayıdırlar: “Çox sevincliyəm, bir neçə saat sonra ayağım o torpaqlara dəyəcək. Allaha çox şükürlər olsun ki, bizə bu böyük günü qismət etdi. Hisslərimi sözlə ifadə edə bilmirəm, çox qürurluyam.

29 il əvvəl ailəsinin çıxmaq məcburiyyətində qaldığını söyləyən Ağalı sakini bildirib ki, Vətənə qurub-yaratmaq üçün qayıdırlar: "Atam mayın 27-sində kəndin açılışında iştirak edib. Anamın Zəngilandan çıxanda 19, atamın isə 27 yaşı olub. Qardaşım və mən Bakıda dünyaya göz açmışıq, oranı görməmişik. Mənim qürur hisslərim, sevinc və həyəcanım həm də məhz bununla bağlıdır ki, ilk dəfə ora ayaq basacam".

Digər Ağalı kəndinin sakini Bayram Məmmədov da Vətənə qayıtdığına görə sevincli və qürurlu olduğunu söyləyib: "Biz çox qürurluyuq, sevincimizin həddi-hüdudu yoxdur. Qarabağa Böyük qayıdış bu gün bizdən başlayır”.

O, 1993-cü ildə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən Ağalı səkinlərindən biridir: “29 il əvvəl çıxmaq məcburiyyətində qaldığı kəndinə qayıtmağın böyük sevincini yaşayıram. 10 ailə hazırda doğma kəndimizə doğru yol alır. Mərhələli şəkildə bütün ailələr köçəcək. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandana təşəkkür edirik, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram".

Vətənə qayıdışın göz yaşları

Daha çox zəngilanlını, ağalılını danışdırmaq olardı. Amma hər birinin fikrləri, sözləri və sevincləri eynidir. Həm də vaxt getdikcə, hər kəs sanki səbrsizləşirdi. Bunun üçün də digər sakinlərin yerində, Ağalıya çatdıqdan sonra dogma Vətəndə fikirlərini öyrəymək qərarına gəldik.

Elə ən maraqlı anlar da saata yaxın çəkən 420 kilometrdən çox məsafəni sanki bir an içində qət etdikdən sonra, Ağalı kəndinə çatanda başladı. Ağalının ilk sakinlərinin üzlərində sevinc, gözlərində göz yaşı vardı. Masazırda ağlayaraq vidalaşan qonşular, indi də Ağalıda yeni qonşuları ilə sevincdən ağlayaraq qucaqlaşır, bir-birini öpürdülər.

Ağalının ilk sakinlərindən olan İldırım Məmmədov doğma kəndinə çatdıqda ilk olaraq kənddə quraşdırılmış bulağın krantının başına keçdi. İlk olaraq bu bulağın suyunu içdi. Deyir ki, bu bulağın suyundan içəndə ən gözəl hisslərini yaşayır. Deyir, sonuncu dəfə doğma Zəngilanın suyunu düz 30 il öncə içib. O zaman kəndlərindən çıxarılanda buradan göz yaşı ilə çıxıb. Bu dəfə göz yaşları içində doğma kəndlərinə qayıdır. Amma bu qayıdışda axan gözlərı sevinc və qürur göz yaşlarıdır.

İldırım kişi soyuq bulaq suyundan içə-içə sanki xoş bir xəyala dalmışdı. Dedi ki, bu kənddən gənc yaşlarında məcburən çıxarılanda ailələri cəmi iki nəfərdən ibarət idi. İndi isə kəndlərinə 10 nəfərlə, ailəsi, nəvə-nəticəsi ilə qayıdır. Deyir, həyatda elə ən böyük arzusu da bu idi. Hələ söz verdi ki, nəvələrinin də toy-nişanını Ağalıda qeyd edəcək. Hələ arzuladı ki, bir zamanlar Ulu Öndər məcburi köçkünlərin toylarında qol qaldırıb oynadığı kimi, arzu edir ki, onun layiqli davamçısı İlham Əliyev də bu yerlərdə toylara, nişanlara gəlsin qol qaldırıb oynasın və Paşinyana acıq versin.

Ağalının ən balaca sakinlərindən biri olan Müzəffər də sevincli idi. 7 yaşlı Müzəffərin arzusu da Ağalıda böyüyüb, boya başa çatmaqdır. Deyir, böyüyəndə adını daşıdığı babası kimi həkim olacaq və Ağalı sakinlərini müalicə edəcək. Hətta orduda həkim kimi də xidmət etmək istəyir. Balaca Müzəffər əmindir ki, bu torpaqlara bir daha düşmən göz dikə bilməz. Bundan sonra da bu vətəni o da qoruyacaq.

Ağalı sakinlərini qarşılayanlar arasında Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev də vardı. O bildirib ki, Ağalı sakinləri bu gün öz doğma yurdlarına ayaq basdılar: “Tarixi hadisəyə şahidlik edirik. Ona görə də bu gün çox əhəmiyyətli bir gündür. Böyük qayıdışın ilk başlanğıcı Zəngilan rayonunun Ağalı kəndindədir”.

Böyük qayıdış isə hələ davam edir. Sabah da növbəti 10 ailə Zəngilana, Ağalıya köçəcək. Daha sonra daha 10 ailə, daha sonra daha bir neçə ailə… Bu qayıdış daim davam edəcək. Çünki bu qayıdış əbədi qayıdışdır, bu qayıdışın isə geriyə dönüşü yoxdur!...

loading...
Diaspora