Suriya və İraqdan gətirilən 105 şəxs sosial reabilitasiyaya cəlb edilib

Suriya və İraqdan gətirilən 105 şəxs sosial reabilitasiyaya cəlb edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan Vətənə qaytarılan şəxslərin (repatriant) sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirlərini davam etdirir.

Nazirlikdən Qaziler.az-a verilən xəbərə görə, artıq Suriya və İraqdan ölkəyə gətirilən daha 10 repatriant uşaq və 2 ana yaşadıqları ailədə Agentliyin sosial işçiləri tərəfindən təfsilatlı qiymətləndirilib və onlar üçün sosial reabilitasiya planı hazırlanıb.

Psixoloqlar tərəfindən ilkin sosial-psixoloji yardım xidməti zamanı hər bir şəxslə ayrıca psixoloji qiymətləndirmə həyata keçirilib, travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilib. Repatriasiya olunmuş şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji dəstək üzrə xüsusi əhəmiyyət daşıyan reabilitasiya işi davam etdirilir.

Bu ilin ilk 6 ayında Sosial Xidmətlər Agentliyinin psixoloqları tərəfindən ümumilikdə 11 rayon üzrə 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edilib. Ümumilikdə isə ölkə üzrə 146 ailədə 378 repatriantla iş aparılır.

2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.

Diaspora