Bu ay “Azəriqaz”ın Çağrı Mərkəzinə 60 mindən çox müraciət daxil olub

Bu ay “Azəriqaz”ın Çağrı Mərkəzinə 60 mindən çox müraciət daxil olub backend

Bu ilin iyul ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə 60 048 müraciət daxil olub.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisi bildirib ki, daxil olan müraciətlərin 27 351-i xidmət əməkdaşları tərəfindən əraziyə əməliyyat qrupu göndərilmədən həll olunub: “Keçən ilin müvafiq dövründə isə 65 273 müraciət daxil olub ki, bu da bu ilin iyul ayı ilə müqayisədə 5 225 məlumat azdır. Ödəniş etmədiyinə görə qaz təchizatı dayandırılmış abonentlərdən 1 554 müraciət daxil olub. Bu abonentlərin qaz təchizatı bir deyil, üç aylıq borclarını ödəmədiyi üçün dayandırılıb”, – deyə şöbə rəisi bildirib.

Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov yay ayları olmasına baxmayaraq Birlik əməkdaşlarının böyük səylə çalışdığını, payız-qış mövsümlərinə hazırlıq işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Şöbə rəisi qeyd edib ki, qaz kəməri üzərində təmir-bərpa işləri həyata keçirilməkdədir: “İki ay ərzində işlərə başlamışıq. 4 904 km kəmər dayaqlar üzərinə qaldırılaraq bərkidilib, 43 883 metr uzunluğunda qaz xətlərində isə rənglənmə, abadlıq işləri aparılıb”.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev istənilən vaxt “Azəriqaz”ın rəhbər şəxslərinin media nümayəndələrinin suallarını cavablandırmağa, qaz təchizatı ilə bağlı onları narahat edən problem və təklifləri dinləməyə hazır olduqlarını bildirərək hər bir mətbuat nümayəndəsini bu cür görüşlərdə fəal iştirak etməyə çağırıb.

loading...
Diaspora