“Onların heç biri Qarabağı görməyib, hamısının 20-25 yaşı olub” - Çingiz Abdullayev

“Onların heç biri Qarabağı görməyib, hamısının 20-25 yaşı olub” - Çingiz Abdullayev backend

“Bu gün çox böyük bayramdır, biz Şuşadayıq. İnanmaq istəyirik ki, bu bayram əbədi olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev Şuşada keçirilən Vaqif Poeziya Günlərində deyib.

O, öz çıxışında bildirib ki, çox insan bu günü gözləyirdi, amma yazıçılar yox:

“Onlar mənim vətənimə gəliblər. Ona görə ki, mənim uşaqlığım burada keçib. Poladın yanında bunu deyə bilmərəm, onların evi bax burdadır. Amma bu doğrudan da belədir. Mənə təsir edən odur ki, çox insanlar bunu 30 ildir gözləyirdi. Amma yazıçılar gözləmirdi. Yazıçılar öz qələmi ilə, öz sözü ilə bu günü hazırlayırdı. 11 yazıçı bu illərdə öz övladlarını itirib. Xalq şairi Xəlil Rza, Xalq yazıçısı Sabir Əhmədli...

Mən “Yaşat Fondu”nun üzvüyəm və bilirəm nə qədər insan həlak olub, nə qədər qazi var. Amma maraqlısı odur ki, onların heç biri Qarabağı görməyib. Hamısının 20-25 yaşı olub. Onlar bizim Prezidentə inanıb gəliblər vuruşmağa. Onlar bizim yazıçılarımıza, şairlərimizə inanıb gəliblər bura ölməyə. Və ölüblər, amma bizə torpaqları qaytarıblar”.

Çingiz Abdullayev onu da bildirib ki, Şuşa həmişə Azərbaycanın mədəniyyət paytaxtı olub:

“Əslində bu 1 000 ildə şairlərin həyatı heç də yüngül olmayıb. Nəsimi, Vaqif, Müşfiq... Amma onlar öz mövqelərindən heç vaxt dönməyiblər. Bu şairlər xalqa nümunə olublar. Mən dünən dostum, qohumum Fərhad Bədəlbəyli ilə danışıram və ondan soruşuram ki, bəlkə mən bilmirəm, bir erməni bəstəkarı olubmu Şuşadan? O da gülür. Çünki olmayıb. Bu qədər yolu gəlirik heç nə yoxdur, hər şeyi dağıdıblar. 

Bu gün çox böyük bayramdır ki, biz Şuşadayıq. Biz inanmaq istəyirik ki, bu bayram əbədi olacaq. Daha heç vaxt bu şəhəri itirməyəcəyik. Bura həmişə Azərbaycanın mədəniyyət paytaxtı olub. Mən inanıram ki, biz hər il gəlib bu bayramı burada qeyd edəcəyik. Biz daha heç vaxt uşaqlarımızı itirməyək. Düzdür, onlar gəlib haqq yolunda şəhid olublar. Biz onlarla həmişə fəxr edəcəyik və unutmayacağıq”. 

loading...
Diaspora