Yaponiya nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Yaponiya nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub backend

Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın Vaseda Universitetinin sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.



BANM-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəb və onun nailiyyətləri barədə qonaqlara məlumat verib. O, Azərbaycan və Yaponiyanın neft-qaz sektorundakı əlaqələrdən bəhs edib, gələcəkdə BANM və Vaseda Universiteti arasında səmərəli əməkdaşlığın qurulmasının mümkünlüyünü vurğulayıb.

E.Qasımov professor M.Kuriharanı 2016-ci ilin martında İNPEX Korporasiyasının təşkilatçılığı ilə Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində BANM-də tələbələrə ustad dərsləri keçməyə dəvət edib.

Yaponiyalı qonaqlar BANM ilə tanışlıqdan məmnunluqlarını bildiriblər. Professor M.Kurihara təmsil etdiyi universitetin adından BANM ilə əməkdaşlığa maraqlı olduğunu bildirib. O, gələcəkdə BANM və Vaseda Universiteti arasında mühəndislik ixtisasları üzrə tələbə və müəllim mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması təklifi ilə çıxış edib.

Görüşdə iki ali məktəb arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, gələn ilin martında Vaseda Universitetinin professoru tərəfindən BANM-də tələbələr üçün peşəkar treninqlərin təşkili barədə razılıq əldə olunub.
Diaspora