AMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib

AMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib backend

Görkəmli iqtisadçı alim, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Müşahidə Şurasının sədri, professor Akif Fərhad oğlu Musayev bu gün 75 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə Ednews-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. Mərhum beynində olan bədxassəli şişdən 1 həftə öncə əməliyyat olunub. Amma səhhəti getdikcə ağırlaşıb və bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İqtisadi-riyazi modellər laboratoriyasında başlayıb. 1976-1980-ci illərdə Kibernetika İnstitutunda baş elmi işçi, 1980-1991-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, dosent, 1991-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 sentyabr 1994-cü il tarixli Fərmanı ilə yaradılmış və 11 aprel 1998-ci ilə kimi fəaliyyət göstərmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi ölkədə özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı işlərin təşkilində yaxından iştirak edib.

A.Musayevin rəhbərliyi ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 2001-ci ildən Fiskal siyasətin iqtisadi riyazi modelləşdirilməsi laboratoriyası fəaliyyət göstərir.

O, 1999-cu ildə Vergilər Nazirliyi Tədris Mərkəzinin, eyni zamanda 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin rəisi, 2000-2007-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergi qoyma kafedrasının rəhbəri, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2011-2013-cü illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2013-2015-ci illərdə Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Alim 400-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya, 15 dərslik və dərs vəsaitinin, 12 fənn proqramının müəllifidir. Onun elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir. A.Musayevin rəhbərliyi ilə 5 elmlər doktoru, 34 fəlsəfə doktoru hazırlanmışdır.

O, “İpək yolu” jurnalının baş redaktoru, ondan artıq yerli və xarici ölkələrin elmi jurnallarının redaksiya heyətinin və qurumlarının üzvüdür.

A.Musayevin tədqiqat istiqamətləri nəqliyyat proseslərinin modelləşdirilməsi, neft maşınqayırma və neft sənayesinin qarşılıqlı fəaliyyətinin modelləşdirilməsi və fiskal siyasətin modelləşdirilməsi sahələrini əhatə edir.

İqtisadçı alim ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu”na və “Görkəmli lider mükafatı”na layiq görülüb.

O, Gürcüstan Respublikasının “Qafqaz Universitetinin Fəxri doktoru”dur.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Akif Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, BAMF komandası və "Qarabağ qaziləri" İctimai Birliyinin üzvləri tanınmış alim Akif Musayevin vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

 

loading...
Diaspora