Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.
Yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak edib.
*****
10.07.2022 20.34
Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.