Qəhrəman cüdoçular: Tarixi döyüş meydanında yazanlar

Qəhrəman cüdoçular:  Tarixi döyüş meydanında yazanlar backend

Hər bir cüdoçunun arzusu beynəlxalq yarışlarda – olimpiya, dünya və Avropa çempionatlarında qalib gəlib dövlətinin himnini səsləndirmək, ölkəsini layiqincə təmsil etməkdir.

İndiyədək Azərbaycanın bir çox idmançısı bu missiyanın öhdəsindən məharətlə gəlib. Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli, ilk dünya çempionu Elxan Məmmədov, həmçinin, Rüstəm Orucov, Hidayət Heydərov kimi idmançılar dəfələrlə bayrağımızı ən yüksək zirvələrə qaldırıblar.

Lakin Azərbaycan cüdoçuları təkcə tatamidəki nailiyyətləri ilə deyil, döyüş meydanındakı misilsiz qəhrəmanlıqları ilə də öyünə bilərlər. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi də bunu bütün dünyaya sübut etdi.

30 ilə yaxın işğal altında qalan Qarabağın azadlığı uğrunda gedən müqəddəs müharibədə Azərbaycan cüdo ailəsi 18 şəhid verdi. Cəbrayıl Dövlətzadə, Rəşad Babayev, Zaur Mədətov, Vüsal Dəmirov, Röyan Hüseynov, Rüfət Əliyev, Araz Seyfullayev, Vüsal Hadıyev, Sübhan Həsənov, İntiqam Əsgərli, Elvin Məmmədov, İsmayıl İrapov, Elvin Qədirov, Fəqan Məmmədov, Ehtiram Əhmədov, Rəsul Süleymanov, Novruz Həsənov və Ruhid İslamlı Vətən yolunda canlarından keçdilər.

Onların arasından bəlkə də olimpiya, dünya, Avropa çempionları çıxacaqdı. Amma bu qəhrəmanlar əllərində silah, gözlərində düşmənə qarşı nifrət və intiqam hissi, qəlblərində isə vətən-bayraq sevgisi ilə cəbhəyə yollanmağı üstün tutdular. İgid cüdoçular tarixi hər hansı nüfuzlu yarışda deyil, məhz döyüş meydanında yazdılar. Onların da iştirakı və cəsurluğu ilə qazanılan şanlı qələbə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu.

Vətəni canından çox sevən cüdoçu

Vətən müharibəsindən söhbət açılanda yada düşən ilk qəhramanlardan biri Cəbrayıl Dövlətzadədir. O, hərbi əməliyyatların başlamasından cəmi 2 gün sonra şəhidlik zirvəsinə ucalsa da, bu qısa müddətə böyük bir qəhrəmanlıq dastanı sığdırdı. Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşan Dövlətzadə Kəlbəcər rayonu ərazisində şəhid olub. Döyüş yoldaşlarının dediyinə görə, 10-a yaxın erməni ilə təkbaşına əlbəyaxa çıxan igid əsgər düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın milli qəhrəmanı general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb. Dövlətzadə Prezident İlham Əliyevin göstərişi ilə İkinci Fəxri Xiyabanda, P.Həşimovun məzarının yanında dəfn olunub.

Atası Dövlət Dövlətzadə deyir ki, Cəbrayıl üçün Vətən hər şeydən öncə gəlirdi: “Azərbaycanı, onun hər bir qarışını çox sevirdi. Qarabağ işğal altında olanda, bunu özünə sığışdıra bilmirdi. Polad Həşimovun şəhid olması ona çox pis təsir etmişdi. Generalın ermənilər tərəfindən öldürülməsini qəbul edə bilmirdi. Qisas hissi ilə alışıb-yanırdı”.

“Mənə kişi şalvarı geyindirin”

Cəbrayıl hələ kiçik yaşlarından özünü əsl vətənpərvər, kişi kimi aparırdı. Hər zaman haqq-ədalətin tərəfində idi. Özündən yaşca kişik uşaqların tərəfini tutar, onları qoruyardı. Bir sözlə, fərqli uşaq idi. Atasının sözlərinə görə, bir dəfə ona şortik geyindirmək istəyəndə, demişdi ki, mənə kişi şalvarı geyindirin: "Biri var ki, insan nəyisə oxuyub öyrənir, hansısa xasiyyəti sonradan qazanır. Cəbrayılı isə sanki Allah elə əvvəldən bu cür qəhrəman yaratmışdı”.

Babadan nəvəyə keçən idman sevgisi

C.Dövlətzadənin idmana, xüsusilə cüdoya böyük marağı var idi. 1-ci sinifdən cüdo ilə məşğul olmağa başlayan şəhidin ilk məşqçisi Telman müəllim olub: “2011-ci ildə yeniyetmələr arasında ölkədaxili yarışda 3-cü yeri tutmuşdu. İdmana həddindən artıq maraq göstərirdi. Atam SSRİ dövründə boks üzrə Spartakiadanın qalibi olub. Cəbrayılı da idmana meylləndirən, ona stimul verən məhz bu amil idi. Bir ara boksla da məşğul oldu. Amma hərbi xidmətə gedəndən sonra idmandan bir qədər uzaqlaşdı”.

“İstənilən çətinliyi özü həll etməyə çalışardı”

Atası Cəbrayılı sonuncu dəfə 2020-ci il avqustun 7-də - müharibədən təqribən 1 ay 20 gün öncə görüb: “Telefonda görüntülü danışdıq. Beyləqandakı təlimdən yenicə qayıtmışdı. Hiss etdim ki, nəsə var, amma demək, məni narahat etmək istəmir. Ümumiyyətlə, hansısa çətinliyi olsa belə, dilə gətirməzdi. Hər zaman özü həll etməyə çalışardı. Yanına getmək istədiyimi bildirəndə etiraz etdi. Söylədi ki, ehtiyac yoxdur, sentyabrda hərbi xidmət dövrümün 1 ili tamam olur, 10 günlük məzuniyyətə gələcəyəm. Sonuncu dəfə sentyabrın əvvəlində danışdıq. Hər şeyin qaydasında olduğunu, yaxn günlərdə gələcəyini bildirdi. Həmin vaxtdan sonra Cəbrayılla əlaqə itdi. Heç kimin müharibənin başlayacağından xəbəri yox idi. Hardan biləydim ki, cəbhədəki vəziyyəti məndən gizlədir. Hətta özüm yanımda işləyən insanlara təsəlli verirdim ki, narahatlığa əsas yoxdur, müharibə olmayacaq”.

Sonuncu fənd, parlaq qələbə və ən ali zirvə

Cüdoda rəqibi məğlub etmək üçün tətbiq olunan variantlardan biri boğucu fənddir. Cəbrayıl Dövlətzadə də cüdoçu kimi son qələbəsini məhz bu fəndi işlədərək qazanıb. Kəlbəcərdə döyüş tapşırığını yerinə yetirərkən bunkerdə gizlənmiş 2 erməni zabitini əlbəyaxa davada boğaraq öldürən Cəbrayıl bunadək isə artıq 10 düşmən əsgərini zərərsizləşdirmişdi. Düzdür, Dövlətzadə parlaq zəfərinə görə yarışlar üçün nəzərdə tutulmuş fəxri kürsüyə qalxmadı. Əvəzində daha yüksək mərtəbəyə - şəhidlik zirvəsinə ucaldı: “Sentyabrın 28-i işdə idim. Təxminən saat 22:45 radələrində Abşeron rayon hərbi komissarlığından zəng gəldi. Dedilər ki, Cəbrayıl şəhid olub”.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə" medalları, həmçinin, “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

“Müharibədə qazanılan zəfər tamam başqadır”

Azərbaycanda elə cüdoçu da var ki, həm döyüş, həm də yarış meydanında adından yetərincə söz etdirə bilib. Təbii ki, söhbət ikiqat paralimpiya, dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevdən gedir. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gələn titullu idmançı beş gün koma vəziyyətində qaldıqdan sonra anasının səsini eşidib özünə gəlir. Həmin hadisədən sonra görmə qabiliyyətini itirən Zəkiyev yaxınlarının köməyi ilə təqribən 4 illik fasilədən sonra yenidən cüdoya qayıdır. Onun sözlərinə görə, müharibədə döyüşmək tatamidəkindən daha çətindir: “Çünki orada hər an ölümlə üz-üzə qalırsan. Hər şey ola bilər. Yarış meydanı tamam başqadır. Burada tək özünü yox, ölkəni təmsil edirsən və qələbə çəkdiyin zəhmətin bəhrəsidir. Döyüş meydanında isə verilən tapşırığı nəyin bahasına olur-olsun, icra etməlisən. Burada qazanılan zəfər də tamam fərqlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazi qardaşlarmıza can sağlığı diləyirik. Onlar öz canları və qanları bahasına bu qələbəni bizə yaşatdılar. Müharibə varsa, itkilər qaçılmazdır. Çox şərəfli müharibə oldu və biz torpaqlarımızı işğaldan azad etdik”.

“Cəbrayıl əsgər yoldaşlarına elə bir stimul verdi ki...”

Şəhid həmkarı Cəbrayıl Dövlətzadə ilə bağlı fikirlərini də bölüşən cüdoçu bunları deyib: “O, döyüşlərin əvvəlində şəhid olsa da, əsgər yoldaşlarına elə bir stimul verdi ki, hamıda ruh yüksəkliyi yarandı. Bu gün hamı onu tanıyır, qəhrəmanlığından danışır. Hamıya Cəbrayılı nümunə gətirirlər. Sentyabrın 27-də bütün cəbhəboyu əks hücum əməliyyatına başladığımız barədə xəbər çıxanda mən müalicəmlə bağlı Türkiyədə idim. Bunu eşidəndə ağlamağım gəldi ki, nəhayət, hər birimizin çoxdan gözlədiyi gün gəlib çatdı. Bir şeyə təəssüfləndim ki, mən ön sıralarda ola bilməyəcəyəm. Buna baxmayaraq, çalışdığım qədər şəhid ailələrini, yaralıları ziyarət edirdim. Döyüş gedə-gedə qazilərimizə, xüsusilə görmə qabiliyyətini itirmiş hərbçilərə baş çəkirdim. Bilirəm ki, görmə qabiliyyətlərini itirəndən sonra onlara məni nümunə göstəriblər. Çünki mən özüm də həmin hissləri yaşamışam, onların nə çəkdiyini yaxşı bilirəm. Həmin qazilərin bir neçəsini idmana cəlb etmişik. Yaxın gələcəkdə onların da qələbəsinə sevinəcəyik”.

Cəbrayıl Dövlətzadə dünyaya Azərbaycan cüdoçusunun igidliyini, İlham Zəkiyev isə əzmkarlıq və mübarizliyini göstərib. Əsl qəhrəmanlıq məhz budur.

loading...
Diaspora