Çilov adasının fəxri - Milli Qəhrəman Rasim İbrahimov - FOTO

Çilov adasının fəxri - Milli Qəhrəman Rasim İbrahimov -  FOTO backend

Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adı təkcə doğulub-böyüdüyü Xəzər rayonunun Çilov adasında deyil, bütün Azərbaycanda tanınıb. Onun oğlu da atasının yolu ilə gədərək hərbçi olub.

Kaspi” qəzeti növbəti materialında Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun doğumundan şəhadətinə qədər olan ömür yolunu əhatə etməyə çalışıb.

Uşaqlıqda dənizin sahillərində böyüsə də, mavi suların sonsuzluğunu seyr etməkdən doymasa da ata-anası kimi neftçi olmaq istəməyib. Evə neft qoxulu geyimlə gələn valideynlərinin dəniz fatehləri haqqında maraqlı söhbətlərini də uşaqlıqdan eşidib. Ancaq o, hərbçi olmaq istəyib. Bu peşə onun adını ölkəmizin hərb tarixinə, qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıb. Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adı təkcə doğulub-böyüdüyü Xəzər rayonunun Çilov adasında deyil, bütün Azərbaycanda tanınıb.

Vaxtilə təhsil aldığı Çilov adasındakı 131 saylı orta məktəb indi qəhrəmanın adını daşıyır. Məktəbin foyesində haqqında geniş məlumat yazılıb, muzeyində büstü qoyulub, əşyaları, döyüş paltarı qorunur.

Məktəbin direktoru Rəfael Musayev adada olarkən məktəbin iki məzununun - Rasim İbrahimov və Dmitriy Ksilyovun Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduqlarını dedi: “Məktəb öz şəhid şagirdləri ilə fəxr edir. Onların həyatı böyüyən nəsil üçün qəhrəmanlıq nümunəsidir. Biz daim onların xatirəsini ehtiramla anırıq”.

Adadan hərbi məktəbə

Atası Səxavət kişi uşaq bağçasına gedəndə uşaqların əl işləri içərisində Rasimin çəkdiyi tank şəklini, plastilindən düzəltdiyi silahları görür və onun hərbçi peşəsinə meylinii anlayırdı. Məzuniyyət vaxtı Rusiyaya səfəri zamanı Katayevin “Alay oğlu” kitabını da alıb gətirmişdi. Rasim məktəbdə oxuyanda dərsdən gəlib “Mayak”a - hərbi dənizçilərin yanına qacar, onları saatlarla seyr edərdi. Mətbəxdə yemək bişirən anasının gözündən oğurlanıb hərbçilərə yemək də aparardı.

Atası da artıq oğlunun hərbçi olmasını arzulayırdı. R.İbrahimov 1969-cu ildə adadakı yeganə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olur. Hərbi məktəbi bitirəndən sonra Bakıdakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbinə daxil olur.  Almaniyada 5 il zabit kimi xidmət etdikdən sonra 1988-ci ildə vətənə qayıdır. Bakıda Hərbi Komissarlıqda işə başlayan zabit daha sonra Ağsu Hərbi Komissarlığına müavin vəzifəsinə göndərilir.

Daha sonra Füzulidə çalışır. Təkcə işlədiyi hərbi komissarlıqda deyil, rayon sakinlərinin içərisində də hörmət qazanır. Yerli insanlara qaynayıb qarışır, xeyirdə-şərdə iştirak edir.

Xocalı soyqırımından sonra

R.İbrahimov Füzulidə xidmət etdiyi vaxtda ermənilərin ölkəmizə təcavüzü başlayır. “Füzulidə ağır döyüşlər gedir. Çörək zavodunda işləyənlər gedib Füzulidə batalyon komandiri olurlar, orada hərbçi kadrlara ehtiyac var”- deyə bacısı Sevda xanıma bildirir.

Bacısı Sevda İbrahimovanın xatirəsindən: “1991-ci il idi. Xocalı soyqrımından sonra Rasim böyük sarsıntı keçirmişdi. Danışırdı ki, Xocalı faciəsindən sonra onlar meşədən meyitləri çıxarmağa gediblər. İşğalçıların vəhşiliyi onu dəhşətə gətirmişdi. Xocalı faciəsindən sonra Rasim tamam başqa adam oldu”.

Qəhrəmanlıq taboru

R.İbrahimov hərbi komissar müavini olmasına baxmayaraq, batalyon yaradıb özü də döyüşlərə gedir. 1992-ci ildə o, Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Rayon camaatı onu yaxşı tanıdığından hamı övladlarının onun taborunda xidmət etməsini istəyirdi. “Rasimin ayağına güllə dəyəndə o, özü həmin gülləni ayağından çıxarıb yanındakı yoldaşına demişdi ki, erməni elə bilir, bu güllə ilə məni öldürə biləcək. Güllə dərinə getməmişdi, onu çıxarıb cibinə qoymuşdu. Oğluna göstərmək üçün”.

Cəsurluğu mərdliyi bütün əsgərlərin onun ətrafında birləşməsinə şərait yaradır. Ən ağır döyüşlərdə, odun-alovun içində də onlar öz komandirlərini tək qoymurdular. R.İbrahimov peşəkar hərbçi olduğu üçün bütün əməliyyatları özü hazırlayır və qorxmadan həyata keçirirdi. Füzuli istiqamətində gedən döyüşlərdə Rasimin batalyonu yüksəklikləri ələ keçirərək 5 km irəliləyir. İşğal olunmuş kəndlərimiz azad olunur. O əsgərlərinə deyirmiş: “Mənfur erməni cəlladlarının ayağı altında tapdağa çevrilən torpağımız uğrunda, düşmənimizi darmadağın etmək üçün irəli! Döyüş meydanından qaçanlar və döyüş meydanında soyğunçuluq edənlər layiqli cəzalarını alacaqlar”.

Azərbaycan zabiti təslim olmayacaq

R.İbrahimovun taboru 1992-ci il 28 iyunda Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmaması səbəbindən mühasirəyə düşürlər. Cəsur komandir döyüşçü dostlarını mühasirədən xilas edərkən özü mühasirəyə düşür. 28 iyunda son döyüşü olur. Yaralananda da xeyli sayda düşməni məhv edir. Əsgərlər yaralı zabiti qorumağa çalışırlar. O, əsgərlərə “Məni qurtarmaq üçün bu qədər əsgərin şəhid olmasına icazə vermirəm” deyə əmr edərək onları döyüş meydanından çıxarır.

İgid zabitin meyiti dəyişdiriləndə ermənilər etiraf edib ki, 28 nəfərə qədər erməni əsgərini öldürəndən sonra ona təslim olmağı təklif ediblər. Amma “Siz necə təslim edirsiniz, mənə Xocalıdan bəllidir. Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!” - deyərək özünü qumbara ilə partladır.

Bacısı Sevda xanımın xatirəsindən: “İyunun 28-də Rasimin döyüşdə şəhid olmasını heç kim bilmirdi. Biz o gün toyda idik. Anam da onun xoşladığı mürəbbə və kompotları çantaya qoyub atamla Rasimə göndərmişdi. Atam Füzulidə olanda döyüşçülərimizin mühasirəyə düşməsini, Rasimin həlak olmasını ona demirlər. Atam 2 gün Füzulidə qaldıqdan sonra Bakıya qayıtdı. Mən də anama deyirəm ki, belə də iş olar, atam buradan durub Füzuliyə onun yanına gedir, o vaxt tapıb onunla görüşmür. Biz Rasim haqqında məlumatı iyulun 2-də “Səhər” qəzetindən öyrəndik. Həmin gün mən Füzuli ilə əlaqə saxlaya bilmədim. Nəhayət, bildik ki, Rasim mühasirədə qəhrəmancasına həlak olub və meyiti ermənilər tərəfdə qalıb. Rasimin nəşi bir ana və bir uşaqla dəyişdirildi. O vaxt böyük dayım və yoldaşı onların dəyişdirilməsində iştirak etdi”.

R.İbrahimov ölmündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Bakıda Şəhidlər xiyabanında dəfn edilir.

Ata yolunun davamçısı

Milli Qəhrəman şəhid olanda oğlu Nizaminin 8 yaşı vardı. Hələ müharibənin nə demək olduğunu anlamırdı. Amma böyüyə-böyüyə atasının qəhrəmanlığını da, Vətən uğrunda şəhid olmağın dəyərini də dərk edirdi. Çilovdakı məktəbi bitirəndən sonra o da atası kimi hərbçi olmaq qərarına gəldi. Vaxtilə atasını təyyarəçi ixtisasına qəbul etməmişdilər. Nizami atasının bu arzusunu gerçəkləşdirir, hərbi təyyarəçi olur. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi, daha sonra Hərbi Akademiyanı bitirir, Hərbi Hava Qüvvələrində xidmət edir: “Atamın qəhrəmanlığı mənim üçün ən gözəl nümunə idi. Onun hərb sənətinə marağı mənə də sirayət etdi. Mən də onun yolu ilə getdim, hərbçi oldum. Həmişə atamın həyat yolu ilə qürur duyuram”.

Heç zaman bitməyən ehtiram

Milli Qəhrəman Rasim İbrahimovun doğum və anım günündə Çilov adasında adını daşıyan xatirə parkında, büstü önündə daim anım tədbirləri keçirilir. Məktəblilər, ada sakinləri bu tədbirlərdə iştirak edir, təkcə adanın deyil, bütün ölkənin qəhrəman oğlunu ehtiramla anırlar.

“Space” telekanalının yaxınlığındakı bağ və oradakı bulaq da Rasim İbrahimovun adını daşıyır.

loading...
Diaspora