Azərbaycana qarşı yeni müharibə şantajı - revanşistlər kimə arxayındır?

Azərbaycana qarşı yeni müharibə şantajı -  revanşistlər kimə arxayındır? backend

Ekspert: “Üçüncü müharibə Ermənistan ərazisində olacaq”

“İrəvan destruktiv qüvvələrin dəstəyi ilə Bakı ilə sülh razılaşmasının əldə edilməsi prosesinə məhəl qoymayacaq və çox güman ki, Azərbaycanla Ermənistan arasında yeni münaqişə yaranacaq”.

Bu fikri israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel bildirib.

“Mən düşünürəm ki, yeni müharibə mütləq olacaq. Revanşizm həvəsi ermənilərdə böyükdür. Hazırda regionda bir çox sürprizləri görə bilərik. Ermənistanın müttəfiqləri onlara çoxlu vədlər verə bilər. Onlar İrəvanı silahla təchiz etməyə və bu müharibəni aparmaq üçün resurslarla təchiz etməyə çalışa bilərlər”, - deyə analitik qeyd edib.

Bəs “Ermənistanın müttəfiqləri” deyərkən kimlər, hansı dövlətlər və ya güclər nəzərdə tutulur - Fransa, ABŞ, Avropa (İttifaqı), yoxsa Rusiya, İran?

Məlumdur ki, Rusiyanın başı hələ uzun müddət Ukraynaya, özünə qarışacaq. Buna da şübhə yox ki, güclü beynəlxalq sanksiyalar altında olan şimal qonşumuzun Ermənistana ciddi hərbi dəstək vermək, ona yeni ordu qurmaq imkanları da yaxın perspektivdə olmayacaq.

Bu və digər səbəblərdən Moskvanın Güney Qafqazda daha bir müharibədə, özünə qarşı faktiki “2-ci cəbhə”nin açılmasında maraqlı olmadığı bəllidir. Həm də o səbəbə ki, Azərbaycana qarşı təcavüzə qardaş Türkiyə də seyrçi qalmayacaq - Şuşa Bəyannaməsi var. Oxşar səbəblərdən cənub qonşumuz İran da Ermənistana hərbi dəstək verməz. Üstəlik, Güney amili mövcuddur.

Demək, yerdə qalır İrəvanın ümid bəslədiyi Qərbdəki bəzi dost-müttəfiqləri. Onlar belə bir avantüraya gedərmi? Hər şey qırağa, Azərbaycanın, Türkiyənin Avropa üçün vazkeçilməz və getdikcə artan energetik, logistik-tranzit önəmi necə olsun bəs?

Bu fəaliyyətin saatı 2 manatdır...” –

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında üçüncü Qarabağ müharibəsi ilə bağlı açıqlamalar tez-tez verilir: “Bu, Ermənistandakı revanşist qüvvələrin arzusudur. Revanşist qüvvələr bu gün Ermənistanda zəif olsa da Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə arasında münasibətlərin düzəlməsində maraqlı deyillər və buna qarşı fəaliyyət göstərirlər. Onlar ABŞ-da, Avropada mövcud olan erməni diasporu və lobbi təşkilatlarının imkanlarından həmin ölkələrin siyasətinə təsir etməyə çalışırlar. Sülh sazişinin imzalanmasına maneçilik törətmək istəyirlər. Yeni müharibənin olacağı ilə bağlı iddialar isə reallığı əks etdirmir. Çünki Ermənistanın siyasi, iqtisadi, hərbi vəziyyəti onu deməyə əsas verir ki, Ermənistan üçüncü müharibəni aparmaq imkanından məhrumdur.

Revanşist qüvvələrin ümidi ancaq Ermənistanın müttəfiqi saydıqları xarici qüvvələrin Ermənistana dəstə verməsinədir. Sualda adını çəkdiyiniz ölkələrin və Avropa İttifaqının hərəsinin öz marağı var. Onları hazırda müharibə məsələsində Ermənistanın müttəfiqi adlandırmaq olmaz. Lakin həmin ölkələrin daxilində siyasi, hərbi qüvvələr var ki, məhz onlar üçüncü müharibənin başlanmasında maraqlıdırlar və Ermənistanın müttəfiqidirlər".

Ekspert qeyd etdi ki, üçüncü müharibə olacaqsa, bu dəfə müharibə Azərbaycan ərazisində deyil, bir zamanlar qanunsuz yollarla Ermənistan deyilən qondarma dövlətə birləşdirilən tarixi Azərbaycan torpaqlarında olacaq. Bu da Ermənistan üçün çox dəhşətli faciəyə gətirib çıxaracaq və Ermənistan adlanan dövlətin varlığı sual altına düşəcək.


“Yeni Müsavat”

loading...
Diaspora