Reabilitasiya xidmətləri tibbi modeldən sosial modelə keçirilir - FOTO

Reabilitasiya xidmətləri tibbi modeldən sosial modelə keçirilir - FOTO backend

Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılması məqsədi daşıyan “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihənin təqdimat mərasimi keçirilib.

Nazirlikdən Qaziler.az-a daxil olan məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının, bu sahədə xidmətlərin daha da təkmilləşdirilməsinin Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizdə bu sahədə davamlı işlərin həyata keçirildiyini qeyd edib.

Ölkəmizin 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu vurğulayaran S.Babayev nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin son  illərdə müasir tələblərə uyğun qurulduğunu və reabilitasiya mərkəzlərinin potensialının 3 dəfə artırıldığını nəzərə çatdırıb.

Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 2500 müharibə iştirakçısı reabilitasiya xidmətləriylə, 1400-dən çox müharibə əlilliyi olan şəxs 19,3 min reabilitasiya vasitəsiylə, 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlilliyi olan şəxs son nəsil müasir protezlərlə təmin edilib.

S.Babayev ölkəmizdə bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğının nümunəsi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış əlilliyi olan şəxslərin, o cümlədən, müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına dəstək məqsədi daşıyan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən bəhs edib.

Yeni layihənin də ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara əhəmiyyətli dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Piter Mixalko layihənin məqsədinin əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin, əlilliklə bağlı ehtiyaclarından asılı olmayaraq cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu vurğulayıb. O, əlilliklə bağlı yeni islahatların əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov ölkəmizdə əhalinin sağlamlığının qorunması, o cümlədən əlilliyi olan şəxslərə dövlət qayğısı, onların tibbi-sosial reabilitasiyası və tibbi sığorta sahəsində son illər həyata keçirilmiş layihələr və gələcək hədəflər barədə çıxış ediblər.

Sonra layihə üzrə komanda rəhbəri Mişel Mur layihənin təqdimatını edib. O, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, eləcə də əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihə barədə ətraflı məlumat verib.

Layihə 2023-cü ilin 15 oktyabrına qədər icra olunacaq. Bu müddət ərzində ən yaxşı beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə keçidlə bağlı sənəd, metodlar hazırlanacaq. Həmçinin reabilitasiya mərkəzlərinin yeni strukturunun, işçi heyəti təkmilləşdiriləcək, təlimlər həyata keçiriləcək. 

loading...
Diaspora