Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, avqustun 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib. Qəbulda Xızı ilə yanaşı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və Şuşa sakinləri də iştirak ediblər.
Vətəndaşlarla görüşdən öncə TQDK-nın sədri ümummilli lider Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Qəbul zamanı TQDK sədrinə edilən müraciətlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla əlaqədar olub.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.
TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.
Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra TQDK sədri Xızı rayonunun təhsil şöbəsinin əməkdaşları ilə görüşərək cari ildə orta ümumtəhsil müəssisələrinin sonuncu sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarında göstərdiyi nəticələri müzakirə edib.