Azərbaycanın yeganə qadın generalı... - Açıqlama

Azərbaycanın yeganə qadın generalı... -  Açıqlama backend

Hazırda Azərbaycanın güc strukturlarında kişilərlə yanaşı, qadınlar da müxtəlif rütbələrlə xidmət etsələr də, ölkəmizdə cəmi bir qadın general var. Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi general-mayor Sevda Şirinova bu rütbəni daşıyan yeganə qadındır.

Qaziler.az xəbər verir ki, Azərbaycanda cəmi bir qadın generalın olması ilə bağlı Ölkə.az-a danışan keçmiş MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl təkcə bizdə deyil, bütün dünyada hərbi vəzifələrdə qadınların sayının az olduğunu bildirib:

“Dünyada qadın generalların sayı, əlbəttə ki, kişilərdən azdır. Bu, təkcə Azərbaycanda yox, hər yerdə belədir. Bizdə indiyə qədər 2 qadın general olubsa, bunun özü də böyük şeydir.

General o rütbəyə verilir ki, müəyyən vəzifələri tutasan. Əgər qadın o işi bacarırsa, irəli gedəcək. Bacarmırsa, təbii ki, onun general olmamasının günahı nə dövlətdədir, nə də hakimiyyətdə.

Bu məsələlər adətən hərbi sistemlə bağlı olur. Çünki hərbidə kişilər həmişə dominant rol oynayır. Tarixən həmişə dünyada belə olub.

Məsələn, Müdafiə Nazirliyində demək olar ki, vəzifədə bir o qədər qadın yoxdur. Yəni zərif cinsin nümayəndələri hərbidə daha çox rol oynamadıqlarına görə, bu, təbiidir”.

İ.İsmayılın sözlərinə görə, qadınların poqonlu vəzifələrdə sayının az olmasında mentalitet də müəyyən dərəcədə rol oynayır:

“Məsələn, İsraildə qadınlar əsgərliyə gedir. Bizdə isə bu yoxdur. Hər halda mentalitet xüsusi rol oynamır, amma müəyyən dərəcədə təsiri var. Dinindən, dilindən, ölkəsindən asılı olmayaraq dünyanın bir çox yerində qadınların hərb sistemində rolları olmadığına, ora meyil etmədiklərinə görə, təbii ki, bu say az olacaq”.

Ehtiyatda olan zabit, hərbi ekspert Tərlan Eyvazov da bildirib ki, ölkədə cəmi bir qadın generalın olması peşənin yönümü ilə bağlıdır:

“Yəqin ki, Azərbaycanda ginekoloq qadınların sayı kişilərdən daha çox olar. Çünki bu, daha çox qadın sənətdir. Müəllimliklə məşğul olanlar arasında da qadınlar üstünlük təşkil edir.

Çünki poqon olan sənətlərin hamısında, xüsusilə də Azərbayca kimi mental cəhətləri olan bir ölkədə bu sahəyə meyil edən qadınlar daha azdır. Ümumən bizim qadınların ailəyə bağlı olması, analıq məsuliyyəti, qayğıları və s. ona gətirir ki, xidmət dövründə kişilərə nisbətən daha az məşğul olurlar. Həm də mental cəhətdən ata, qardaş, ər hər halda öz ailələrindəki qadınlarının bu cür təhlükəsizlik və hərbi orqanlarında işləməsinə o qədər də müsbət yanaşmırlar. Təbii ki, bu cür kariyera pillələrində qadınların kişilərə nisbətən irəliləməsi mürəkkəbdir. Digər tərəfdən həm də bunun fiziki çətinliyi var. Çünki qadın fiziki cəhətdən daha zərif və zəifdir. Onun bioloji varlığı elədir ki, kişilərə baxanda bu işdə o qədər can qoya bilmir. Hərçənd ki, polkovnik, polkovnik-leytenant, mayor, maxe rütbələrində olan qadınlarımız var. Amma bizim general rütbəsinə çatan qadınlarımız azdır. Bu tək bizdə belə deyil. Yaxın çevrəmizdə, istər MDB, istərsə də Qərb ölkələrində rütbə olan sahələrdə ümumiyyətlə qadınların sayı daha azdır”.

T.Eyvazov qadınların hərbi vəzifələrdə işləməsinə müsbət yanaşmadığını bildirib:

“Düşünürəm ki, qadınlar daha çox ailəyə, övlada bağlı olmalı, onların tərbiyəsi ilə məşğul olmalıdır. Daha çox qadın sənəti ilə məşğul olmalıdır. Çünki hərbi qadın üçün çox ağır məsuliyyətdir. Bu vəzifələr qadın çiyinləri üçün deyil.

Ola bilsin ki, hansısa Qərb ölkəsində qadın müdafiə naziri olsun. Bu, siyasi mövqedir. Amma mən hələ görməmişəm ki, hansısa bir ölkədə Baş Qərargah rəisi qadın olsun. Çünki Baş Qərargah rəisi bilavasitə ordunun bütün ağırlığını çiyinlərində daşıyan şəxsdir.

Burada bir çox faktor olsa da, əsas məsələ bioloji faktordur. Kişilərin çəkdiyi yükü qadınların çəkmək imkanı yoxdur. Necə ki elə vəzifələr var ki, onu qadınlar icra edir, kişilər heç cür bacarmaz”, - deyə o əlavə edib.

loading...
Diaspora