25 paytaxtın polis rəisi BAKIDA - KONFRANS

25 paytaxtın polis rəisi BAKIDA - KONFRANS backend

Avqustun 28-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı işə başlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 25 ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransda daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş bu mötəbər tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

R.Usubov konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, ölkəmizdəki kriminogen durum barədə ətraflı məlumat verib.
Həmçinin qeyd olunub ki, son on ildə 5 mindən çox əməkdaşımız BMT, NATO, Avropa Şurası və ATƏT-in təşkil etdiyi tədbirlərdə iştirak edib, təcrübə mübadiləsi aparılıb. Artıq onların bir çoxu xarici dövlətlərdə ekspert qismində təlimlər keçir, xüsusi layihələrə cəlb olunurlar. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimiz də tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 94 beynəlxalq sənəd imzalanıb.

Qonaqların nəzərinə çatdırılıb ki, hərtərəfli islahatlar və modernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsinə tam imkan verir. O da bildirilib ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində əldə olunan müsbət nəticələrin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tədbir iştirakçılarını salamlayaraq şərq və qərb sivilizasiyalarını, tarixiliyi və müasirliyi özündə əks etdirən qədim paytaxtımız haqqında qısa məlumat verib. O, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə quruculuq işlərinin geniş vüsət aldığını, paytaxt Bakı şəhərinin simasının yeniləşdiyini, daha da gözəlləşdiyini deyib.

Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin, meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.

Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.

Tədbir çərçivəsində qonaqlar paytaxtın görməli yerləri, xalqımızın qədim və zəngin adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Konfransın sonuncu günü iştirakçılar DİN-in «102», «Təhlükəsiz Şəhər» xidmətlərinə, Çevik Polis Alayına və Polis Akademiyasına, həmçinin, Bakı Şəhər BPİ-yə baş çəkəcəklər.
Diaspora