Günahkar kimdir: Söyüşcül qadın, yoxsa onu təpikləyən sürücü?

Günahkar kimdir: Söyüşcül qadın, yoxsa onu təpikləyən sürücü? backend

Ötən gün Sumqayıt şəhərində avtobus sürücüsü və qadın sərnişin arasında baş verən dava geniş əks-səda yaradıb. Sosial şəbəkədə paylaşılan videoya müxtəlif şərhlər yazılıb. Müzakirələr fonunda fikirlər ikiyə ayrılıb - bir qrup insan sürücünün haqlı olduğunu deyir, digərləri isə qadının xoşagəlməz rəftarından asılı olmayaraq əks cinsin nümayəndəsinin ona qarşı kobudluğa yol verməməli olduğunu düşünür. 

Əslində günahkar kimdir: Sürücünü ağır sözlərlə təhqir edib, aşağılayan qadın sərnişin, yoxsa əsəblərini cilovlaya bilməyən sərnişini təpiklə vuran sürücü? 

Bu barədə Modern.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, kimin təqsirkar olub-olmadığını kənardan baxıb demək düzgün deyil. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb, müəyyən etməlidir.

"Hər halda yaşanan hadisə ümumi şəkildə cəmiyyətdə gərginliyin olmasının göstəricisidir. Normal insani münasibətlərdə problem var. Bir-birinə etimad, qarşılıqlı hörmət yoxdur. Bir balaca qığılcım olan kimi bax, belə aqressiv hallar meydana gəlir. Videodakı qadının ortayaşlı olduğu aydın görünür. Yəni uşaq deyil. Ancaq qadın adekvat davranış nümayiş etdirməyib. Belə davranış olmamalıdır. Hər halda sürücü də fərqli davrana bilərdi. Düzdür, belə durumda sürücü üçün çətindir. Çünki qadın onu təhrik edərək bu həddə gətirib çatdırıb".

Ekspertin fikrincə, ilk növbədə insan münasibətlərindəki boşluqlar aradan qaldırılmalıdır:

"Münasibətlərin bu səviyəyə gəlib-çıxması təəssüf doğurur. Buna görə də, mövcud boşluqlar aradan qaldırılmalıdır. İnsanlarımızın çoxu ancaq neqativ şeylər düşünür. Görürlər ki, avtobuslar normal işləmir, vaxtında gəlmir, qrafiklə çalışmır. Digər tərəfdən görürlər ki, hər gün hər şeyin qiyməti qalxır. Bax, bütün bu aqresiyalar toplanır və sonra özünü xoşagəlməz hallarla büruzə verir. Məlum hadisənin avtobusda baş verməsinə baxmayaraq, bu təkcə sərnişindaşımanın problemi deyil. Sosioloji və ümumi psixoloji məsələdir. Cəmiyyətdə yenilənmə olmalıdır. Beyinlər yenilənməlidir. İnsanların aqressiyalarını azaldan, normal münasibətlərini bərpa edən işlər görülməlidir. Təkrar edirəm, qadının ictimai yerdə belə davranışı, daha sonra kişinin qadına belə reaksiya verməsi sərnişin-sürücü münasibətlərindən kənara çıxan bir məsələdir. Bunu sosioloji baxımdan araşdırıb, üzərinə getmək lazımdır".

Bundan əlavə, Ə.Hüseynov marşrut avtobuslarındakı problemlərdən söz açıb:

"Bu məsələ ona görə həll olunmur ki, ortada güclü investisiya yoxdur. Güclü investisya qoymaq lazımdır. Yetərincə avtobus almalıyıq. Yenidən investisiya qoyub peşəkar sürücülər yetişdirmək lazımdır. Hər şeyin qiymətinin bahalaşmasını təsadüfən demədim. Bəlkə də o qadın evindən problemlərlə çıxıb, evə problemlərlə qayıdır. Sürücü də onun kimidir. Sürücü yüksək dolanışıq səviyyəsinə malik təbəqəyə aid deyil. Maddi sıxıntı yaşayırlar. Sürücü sərnişinin ödəyəcəyi 30 qəpiyə baxan adamdır. Ona görə də, maraqlar toqquşanda belə aqressivlik meydana gəlir. Bir sözlə, investisiya qoyulub yenidən hazırlanan peşəkar sürücülərin maaşı elə olmalıdır ki, gündə 8 saat işləyib, daha sonra istirahət edə bilsin. Sonra yollarda problemlər var, onlar həll olunmalıdır. Onda görəcəyik ki, avtobus qrafiklə gəlir, sərnişinin avtobusun işi ilə bağlı ciddi problemi yoxdur. Nəzərə almalıyıq ki, ictimai nəqliyyat sosial xidmətdir. Burada məmnunluq yaransa, hər kəs rahat olacaq. Amma biz bunu görmürük".

Qeyd edək ki, Sumqayıtda sərnişini təpiklə vuran sürücü Aqil Kosayev saxlanılıb. Onun haqqında araşdırma aparılır. Avtobusdan yıxılan sərnişin Sənubər Baxışəliyeva isə yüngül bədən xəsarətləri alıb.  

Diaspora