Dünyada analoqu olmayan Azərbaycan muzeyi - XÜSUSİ REPORTAJ

Dünyada analoqu olmayan Azərbaycan muzeyi - XÜSUSİ REPORTAJ backend

Talış dağlarının qoynunda yerləşən Lerik rayonu təkcə təbii gözəllikləri, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə deyil, həm də uzunömürlü insanları ilə də məşhurdur. Dünyanın ən yaşlı sakinləri - 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev bu torpaqda yaşayıblar.

Adları həm də “Ginnesin rekordlar kitabı”na düşmüş bu uzunömürlülər haqqında sovet dönəmində müxtəlif nəşrlərdə çoxlu sayda məqalələr dərc olunub. Bu insanların həyatı, yaşam tərzi alimlərin daim tədqiqat obyekti olub. Bu baxımdan dünyada yeganə Uzunömürlülər Muzeyinin məhz Lerikdə yaradılması heç də təsadüfi deyil.

Muzeyin direktoru Dilarə Fətullayeva bu mədəniyyət ocağının dünyada yeganə olduğunu deyir: “Muzeyimiz 1991-ci ildən fəaliyyət göstərir. Dünyada yeganə olan bu mədəniyyət ocağının binası müasir memarlıq elementlərindən istifadə edilməklə 2010-cu ildə inşa olunub. Həmin il iyunun 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin yeni binasının açılışı olub”.

Dilarə xanımın sözlərinə görə, muzey təzə fəaliyyətə başladığı ilk aylarda onun fondu o qədər də zəngin olmayıb: “O vaxt cəmi 200 eksponatımız var idi. Onları da rayondakı Tarix Diyarşünaslıq Muzeyi bizə vermişdi. İlk illərdə muzeyin fondunu zənginləşdirmək üçün kəndləri gəzir, yaşlı insanlarla bağlı sənədləri, onların istifadə etdikləri əşyaları, bundan əlavə, milli-etnoqrafik sənət nümunələrini toplayırdıq. Kəndlərdən bəzən yük maşını ilə dolu eksponatla qayıdırdıq”.

Direktorun sözlərinə görə, rayonda vaxtilə 500 nəfərdən çox uzunömürlü yaşayıb. Hazırda iki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Buradakı 40-dək fotoşəkilin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop həmin əsərləri Parisdə təşkil olunmuş “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib. Daha sonra bu fotolar Fransanın ölkəmizdəki səfirliyi tərəfindən Lerikə gətirilərək Uzunömürlülər Muzeyinə hədiyyə olunub.

Təqdirəlayiq haldır ki, Uzunömürlülər Muzeyində yaşlı insanların şəkilləri asılmaqla, həm də onlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, kənd təsərrüfatında işlətdiyi alətlər, əl işləri də nümayiş etdirilir.

Muzeyin eksponatları ilə tanışlıqdan tamaşaçının qəlbi xoş duyğularla dolur. Burada planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid ayrıca guşələr yaradılıb. Həmin guşələrdə onların istifadə etdikləri əşyalar, dünyanının müxtəlif ölkələrindən ünvanlarına göndərilmiş məktublar yer alıb. Sən demə, planetimizin ən yaşlı sakini, 168 il yaşamış Lerikin Barzavu kənd sakini Şirəli Müslümovun atası 110, anası isə 90 il ömür sürüb. Maraqlıdır ki, Şirəli Müslümov 136 yaşı olanda Lənkəran rayonunun Tükəvilə kəndindən bir qadınla evlənib və onların bir qızı dünyaya gəlib.

Dilarə Fətullayevanın sözlərinə görə, Uzunömürlülər Muzeyinə Azərbaycanda və xaricdə bu gün də böyük maraq göstərilir.

“Bir çox səfirliklərdən, xarici ölkələrdən qonaqlarımız olur. Lerikin istirahət mərkəzlərinə gələn turistlər də hökmən muzeyimizə baş çəkirlər”. Dilarə Fətullayevanın sözlərinə görə, keçmiş Sovetlər dövründə uzunömürlü insanlarının özlərinin şəxsi həkimləri olub. Məsələn, 150 yaşlı Mahmud Eyvazovun şəxsi həkimi olmuş tibb elmləri doktoru Balağa Bağırov Mahmud kişini uzun müddət tədqiq etdikdən sonra uzunömürlülüyə aid “Hər kəs 100 il yaşamasa” adlı bir kitab da yazıb. Həmin kitabda uzun ömür yaşamağın sirlərindən bəhs olunub.

Uzunömürlülər Muzeyində uzun ömür sürməkdə müstəsna əhəmiyyət kəsb edən bitkilər barədə də ayrıca guşə yaradılıb. “Bu şəfaverici bitkilərdən nənələrimiz müxtəlif xəstəliklərin müalicəsində istifadə ediblər. Kəklikotunun bir çox novləri bizim rayonda bitir. Hazırda biz ondan çay formasında geniş istifadə edirik. Kəklikotu qan təzyiqini aşağı salır, soyuqdəyməni bədəndən çıxarır. Gördüyünüz bu bitkinin adı müçkdür. Lerikin ucqar Veri kəndində bitir. Bəlkə də azərbaycanın heç bir bölgəsində belə bir bitki yoxdur. Amerika alimlərin tədqiqinə görə, müşk bitkisinin tərkibində valerian var. Valerian isə ürək xəstəliklərinin müalicəsində əvəzsiz rola məxsusdur. Uzunömürlü insanlarımız nanədən, çobanyastığından dəyərincə istifadə ediblər. Lerikli əməkdar həkim Etibar Həşimov isə nar qabığı ilə çobanyastığının birləşməsindən uşaqlarda bağırsaq xəstəliklərinin müalicəsindən ötrü unikal sirop hazırlayıb”.

Dilarə xanım son illər Lerikdə uzunömürlü insanların sayında kəskin azalmanın müşahidə olunduğunu da təəssüf hissi ilə xüsusi qeyd edir.

“Bir vaxtlar Lerikdə 100-dən yuxarı yaşı olan insanların sayı 200-dən çox idi. İndi isə təəssüf ki, rayonda bu rəqəm 10-15-ə enib. Bu isə böyük problemdir. Dünyanın problemidir, ekologiyanın problemidir. Ekologiyanın zəhərli ab-hava bu dağlara da gəlib çatıb, nəticədə insanların ömrünə, həyat tərzinə öz mənfi təsirini göstərib”


Diaspora