Fövqəladə Hallar Nazirliyi mülki müdafiə qoşunlarının mülki müdafiə idarəsinin təşkilatçılığı ilə Şamaxıda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkilinə həsr edilən kompleks mülki müdafiə təlimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, 4 gün davam edən və avqustun 27-də başa çatan təlimlərdə şəhərin hərbiləşdirilməmiş dəstələrinin 230 nəfər heyəti və 38 ədəd müxtəlif təyinatlı texnikası iştirak edib. Kompleks təlimlərə rayon icra hakimiyyəti aparatının işçiləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub.
Kompleks təlimlərdə "Mülki müdafiə haqqında" Azərbaycan Respublikası Qanununa, "Mülki müdafiənin təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması və mülki müdafiə idarəetmə orqanlarının qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığı yoxlanılıb. Təlimlərdə, habelə fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması diqqət mərkəzində olub.
Təlimlər zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş verən obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirilib.
Təlimlərdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, o cümlədən Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı şöbəsinin, Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin xilasetmə dəstəsinin şəxsi heyəti iştirak edib. Təlim zamanı rayonun mülki müdafiə xidmətləri və obyektlərinin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə verilən tapşırıqların həyata keçirilməsi təmin olunub.
Təlimlərdə əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Kompleks təlimlərdə qarşıya qoyulan məqsədlərə tam nail olunub.
Təlimlərin gedişini rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev izləyiblər.