Qarabağın bərpasında xarici donorların dəstəyindən niyə istifadə olunmur? – rəylər

Qarabağın bərpasında xarici donorların dəstəyindən niyə istifadə olunmur? –  rəylər backend

Natiq Cəfərli: “Azərbaycanın hələlik maddi imkanları var, lakin yaxın gələcəkdə… “

Rəşad Həsənov: “Hazırda həmin ərazilərə investisiyanın cəlb olunması ilə bağlı çox ciddi problemlər var”

Pərviz Heydərov: “Bundan sonra da heç bir kömək olmadan işğaldan azad olunmuş ərazilərdə bu işləri davam etdirə bilərik”

“Azərbaycan bu gün meqa layihə həyata keçirir. Qarabağın bərpası misli görünməmiş böyük bir layihədir. Bu gün bu böyük layihəni Azərbaycan dövləti heç bir yardım, kömək almadan öz imkanları hesabına həyata keçirir”. Bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Bəs dövlətimizin bu qədər qlobal işlərə maddi gücü çatacaqmı? Niyə xarici donorların dəstəyindən istifadə edilmir?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasına hələlik dövlət büdcəsindən vəsait ayrılır:

“Bildiyiniz kimi bu məsələ ilə bağlı ötən il dövlət büdcəsindən 2,2 milyard manata ayrılmışdı. Bu il isə büdcəyə əlavə dəyişikliklər olunacaq və gözlənilir ki, 3 milyarda yaxın vəsait ayrılacaq.

Hazırda Qarabağda çalışan xarici şirkətlərin heç biri investor deyil. Doğrudur, bir sıra xarici şirkətlər maraq göstərir, amma onlar iş icraçısı kimi maraqlıdırlar. Dövlət büdcəsindən ayrılan vəsaitin sonradan onlar tərəfindən müəyyən layihələrin həyata keçirilməsində istifadə olunması onlara maraqlı gəlir, yəni, onların maraqlarına uyğundur. Lakin bizə xarici investorlar, sponsorlar lazımdır. Sponsorlara gəldikdə, onlar əsasən Avropa Birliyi ölkələrindən ola bilər. Bunun üçün isə bir neçə şərtin yerinə yetirilməsi vacibdir. Birincisi - Azərbaycanın Avropa Birliyi ilə müqavilə danışıqları yekinlaşmalı və müqavilə imzalanmalıdır. Sülh müqaviləsi ilə bağlı müəyyən irəliləyişlər olduqdan sonra müəyyən dərəcədə ora vəsaitlərin ayrılması, donorların cəlb olunması mümkün olacaq.

İkincisi bizim əsas görə biləcəyimiz və görməli olduğumuz iş yaxşı investor şəraiti yaratmaqdır. Yaxşı mühit yaradılmalıdır ki, xarici şirkətlər birbaşa investisiya qoymaqdan çəkinməsin.

Beləliklə, Azərbaycanda investisiyaların qorunması mühiti yaxşılaşdırılmalı, məhkəmə hakimiyyətində islahatlar olmalıdır. Bütün bunlardan sonra xarici şirkətlər maraq göstərə bilər”.

İqtisadçı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı Azərbaycanın hələlik maddi imkanları var:

“Lakin yaxın 10 ili götürsək, məsələn 2030-cu ilə qədər ölkəmizin 50-60 milyard manata yaxın vəsaitə ehtiyacı yaranacaq. Bu isə artıq böyük yükdür. Doğrudur, neftin qiyməti artır, amma heç kim zəmanət vermir ki, neft qiymətləri həmişə yüksək olacaq. Ona görə də investor cəlb olunması barəsində düşünmək lazımdır”.

İqtisadçı-ekspert Rəşad Həsənov da qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərin bərpa olunması məsələsi miqyaslı fəaliyyətdir və indiki şərtlər daxilində bu fəaliyyətin birbaşa Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsi mümkün deyil:

“Çünki bərpa müddəti xeyli arta bilər. Eyni zamanda məqbul da deyil, çünki burada fəaliyyət istiqamətləri ayrılmalıdır. Məsələn, dövlət sosial infrastrukturunun qurulması və yaşayışın bərpası ilə bağlı indi mənzillərin tikintisi ilə bağlı xərcləri öz üzərinə götürməlidir.

Digər infrastruktur özəl sektor üzərində olmalıdır. Yəni, biznes təyinatlı infrastruktur birmənalı şəkildə özəl sektor tərəfindən maliyyələşməlidir. Mədəni irs və sairə bu kimi istiqamətlərdə və eyni zamanda torpaqların yaxşılaşdırılması, tullantılardan təmizlənmə, işıqlandırma, işarələmə, yəni bu kimi fəaliyyətlərdə yaxşı olardı ki, donorların, beynəlxalq fondların yerli fondların, xeyriyyə təşkilatlarının yardımından istifadə olunsun. Məsələn, məscidlər topladıqları vəsaitin müəyyən bir qismini həmin ərazilərdə məscidlərin bərpasına yönəldə bilər. Yaxşı olardı ki, belə bir ənənə qoyulsun, həm də yerli və beynəlxalq vətəndaş cəmiyyəti institutları, donorları prosesdə aktiv iştirak etməlidir.

Lakin bir məsələ var, hazırda həmin ərazilərə investisiyanın cəlb olunması ilə bağlı çox ciddi problemlər var. Birincisi faktiki olaraq bütün bunlar üç tərəfli sülh saziş əsasında aparılan fəaliyyətlər deyil. Yəni, ortada rəsmi sülh sazişi yoxdur. Xüsusilə xarici investorlar, donorlar aspektindən baxanda 3 ölkə rəhbəri arasında imzalanan bəyanat onlar üçün hüquqi sənəd deyil. Bu baxımdan indiki şərtlər daxilində bu vəsaitlərin cəlb edilməsi mümkün qədər çətin olacaq. Sülh sazişi ən qısa zamanda və əlbəttə Azərbaycan dövlətinin maraqları qorunmaqla imzalanmalıdır ki, proses sürətlənsin. İndiki halda həmin ərazilərdə fəaliyyət göstərməklə bağlı investorlarda maraq var, lakin mülkiyyət hüquqları məlum deyil. Belə ki, ərazilərdə torpaq islahatları getməyib, torpaqlar hansı şərtlərlə icarəyə və yaxud özəlləşdirilməyə verilməlidir və sairə. Bunlar çox vacib məsələlərdir.

Burada təminat məsələsi də var. Xüsusilə də təhlükəsizlik təminatı olmalıdır. Qeyd etdiyim kimi burada sülh müqaviləsi yoxdur, yenə də lokal səviyyəsində olsa belə bəzən konfliktlər ortaya çıxır. Yəni, investor qoyulacaq sərmayənin gələcək təminatını dövlətdən almalıdır.

Daha yaxşı olardı ki, investisiyaların sığortalanması fondu, mexanizmi yaradılsın. Bu mexanizm vasitəsi ilə investorlara təminat verilsin, sığortalansın”.

İqtisadçı Pərviz Heydərov bildirdi ki, ərazilərdə yenidən qurma işlərinin bərpasına Azərbaycanın maddi imkanları çatır:

“Hazırda da neftin dünya bazarındakı qiyməti bizim nəzərdə tutduğumuzdan az qala iki dəfə çoxdur. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın maliyyə resursları, imkanları təkbaşına işlər görməyə yetir. Hesab edirəm ki, bundan sonra da heç bir kömək olmadan işğaldan azad olunmuş ərazilərdə bu işləri davam etdirə bilərik.

Lakin əlbəttə yaxşı olardı ki, xarici donorların vəsaitlərindən də istifadə edək. Xarici şirkətlər bura gəlsin, işğaldan azad olunmuş ərazilərin bərpasında maliyyə köməyi göstərsinlər. Amma bu kredit şəklində olmasın, buna ehtiyacımız yoxdur”.

loading...
Diaspora