“Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfrans işə başlayıb

“Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfrans işə başlayıb backend

Avqustun 27-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin Tətbiqi Riyaziyyat İnstitutunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və ABŞ-ın İllinoys Universitetinin birgə təşkilatçılığı ilə “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (COIA-2015) mövzusunda beşinci Beynəlxalq elmi konfrans öz işinə başlayıb.



AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Ukrayna, Rusiya, ABŞ, İran, Qazaxıstan və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.

Konfransın açılışında çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Azərbaycanda elmin və təhsilin inkişafına böyük diqqət göstərildiyini, bu məsələnin Prezident İlham Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib. Nazir beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyini deyib. Tədbirdə müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirakını yüksək dəyərləndirən Əli Abbasov qeyd edib ki, biz dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməliyik.

Bildirilib ki, dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-dək məruzənin dinləniləcəyi gözlənilir. Artıq ənənə halı almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində keçirilib.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb, optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, hazırda elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin ən yaxşı şəkildə idarə edilməsi tələb olunmasın.

Digər çıxış edənlər də təcrübə mübadiləsi baxımından konfransın əhəmiyyətini qeyd edib, tədbirdə bir sıra vacib mövzularda səmərəli müzakirələrin aparılacağına əminliklərini bildiriblər.

Sonra İllinoys Universitetinin professoru Tamer Başarın “Rəqabət aparan elementli multiagent şəbəkələndirmə sistemləri” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra konfrans işini sessiyalarda davam etdirəcək. Alim və mütəxəssislər mövzuya dair məruzələrlə çıxış edəcək, fikir mübadiləsi aparacaqlar.

Konfrans avqustun 29-da başa çatacaq.
Diaspora