Azərbaycan tibbində daha bir ilkə imza atıldı

Azərbaycan tibbində daha bir ilkə imza atıldı backend

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.



Azərbaycan Tibb Universitetindən Trend-ə verilən məlumata görə, 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürülüb. Belə ki, övladına 2-ci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilib. Hazırda donorun (ana) və xəstənin (oğul) ümumi vəziyyəti qənaətbəxşdir.

Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başcılığı ilə klinikanın baş həkimi dos.Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak ediblər. İstanbul Bilim Universitetinin professoru Barış Akın da ATU-da icra edilən ilk orqan köçürülməsi əməliyyatında yaxından iştirak edərək, həkimlərə dəstək olub.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olub.

Qeyd edək ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunub və burada yüksək ixtisaslı mütəxəssislər çalışır.
Diaspora