30 ildən sonra Ağdama səfər edən Rafiq Əliyev: “Yeni Ağdam xatirlərimdəki Ağdam olmayacaq”

30 ildən sonra Ağdama səfər edən Rafiq Əliyev:   “Yeni Ağdam xatirlərimdəki Ağdam olmayacaq” backend

"Gördüklərimdən sonra xatirələrim zədə aldı"

“Xatirələrim sarsılmışdı, gördüyüm dünya məni məyus etmişdi...”

 

Ötən gün AMEA-nın nümayəndələri Ağdama səfər ediblər. Onların sırasında Ağdamdan olan ziyalılar da olub.

 

Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin BA proqramlarının direktoru, Almaniyanın Zigen, Quzey Kıbrısın Yaxın Doğu, İranın Təbriz, ABŞ-ın Corciya Dövlət Universitetinin professoru Rafiq Əliyev də ziyarətçilərin sırasında idi. Professor  Medianews.az-a açıqlamasında işğaldan azad olduqdan sonra Ağdama ilk dəfə səfər etdiyini vurğuladı.

 

 

“Ağdamı 30 ildən sonra belə görəcəyimi gözləmirdim. Orada ikili hiss yaşadım. Birinci ən gözəli idi. Çünki uzun ayrılıqdan sonra torpağımda idim. Bu söz sizə adi və sadə gəlməsin.  30 ildir həsrətlə gözlədiyim torpağıma, qibləgahım hesab etdiyim Ağdamıma qovuşdum. Amma…

 

Onu deyirdim axı, ikinci hissim məni çox məyus etdi. Hər insanın elə bir yaş dövrü  olur ki, ancaq xatirələrlə yaşayırsan. Yaşamaqla kifayətlənmirsən, yaşadırsan. Bax mən Ağdamı yaşatmışdım. Amma gördüklərimdən sonra o xatirələrim zədə aldı.  Mənim xatirələrimdəki indi gördüyüm o Ağdam deyildi. Əfsuslar… Ağdama çatan kimi başımın üstünü dostlarımın – Xudu Məmmədovun, Famil Mehdinin ruhu aldı. Başımı qaldırıb səmaya baxanda sanki onların ruhunu gördüm. Məktəb yoldaşlarım, dostlarım…. Xatirələrim sarsılmışdı, gördüyüm dünya məni məyus etmişdi… Bilirsiniz, Ağdam elə özü mənim üçün bir dünyadır. Yerlipərəstlik etmirəm vallah, doğurdan elədir. İnsan yaşlandıqca torpağa doğru gedir. Torpaq insanı çəkir, o baxımdan deyirəm ki, torpağımı belə görmək istəmirdim. Başqa cür görmək istəyirdim. Ancaq yenə də deyirəm gün o gün olsun ki, yeni Ağdam tikilsin. Onu da bilirəm ki,  yeni Ağdam mənim xatirlərimdəki Ağdam olmayacaq.

 

 

Dünyanın bir çox tanınmış ali təhsil ocaqlarında işləmişəm, mühazirələr oxumuşam. 50-90 mərtəbəli Universitet binalarında   dərs demişəm. Amma mənim   Ağdamda oxuduğum o, iki mərtəbəli məktəbimiz onların hamısından daha əzəmətli olub və bu gün də əzəmətlidir.

 

 

Mənim oxuduğum Ağdam 1 nömrəli məktəb çox tanınmış insanlar yetişdirib.  Torpağı tanıdan seçilmiş insanlar olur.  Allahdan arzum odur ki, Ağdamın mənim xatirələrimdə yaşayan   həmin o ziyalıları o torpaqda bir də yetişsin”.

 

 

Rafiq müəllim Ağdamın düşmən tərəfindən darmadağın edildiyini və bu mənzərəyə şahidlik etməyin çox çətin olduğunu bildirdi: “Qızım, ermənilər Ağdamı elə günə qoyublar ki…. Uçurulub-dağıdılmış onun yanında rahat deyilmiş sözdür. Mən Ağdamda həyatımda görmədiyim və filmlərdə belə rast gəlmədiyim vəhşiliklərin şahdi odum. Torpaqdan da bu qədər intiqam almaq olarmış. Ağlıma gətirə bilmirəm. Ermənilərin Ağdam və ağdamlılara qarşı nə qədər nifrətləri var imiş?.

 

Nə deyim, gün o gün olsun ki, Ağdam tikilsin, yenidən qurulsun insanlar da öz torpaqlarına qayıtsın”.

loading...
Diaspora