“Hərbçi nə üçün tikintiyə cəlb olunmalıdır, onu niyə elektrik cərəyanı vurmalıdır?” - Artan əsgər ölümləri

“Hərbçi nə üçün tikintiyə cəlb olunmalıdır, onu niyə elektrik cərəyanı vurmalıdır?” -  Artan əsgər ölümləri backend

“Hərbçilərin qeyri-döyüş şəraitində həlak olması və hərbi mağazalardakı özbaşınalıq araşdırılmalıdır. Bəzən cəmiyyətə bunlar çox adi hal kimi gəlir. Əslində, bu halların olması ciddi həyəcan siqnalıdır. Hərbi polisin keçmiş rəisi kimi deyirəm ki, təkcə bu iki faktda, ən azı 5-6 qanun pozuntusu var”.

Qaziler.az bildirir ki, bunu son zamanlar hərbçilərin qeyri-döyüş şəraitində həlak olması və işğaldan azad edilmiş ərazilərdəki mağazalarda hərbçilərə məhsulların həddindən artıq baha qiymətə satılmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, qeyri-döyüş şəraitində hərbçilərin həlak olması ciddi araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır:

“44 günlük Vətən müharibəsi qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yeni dislokasiyası baş verdi. İşğaldan azad edilmiş ərazilərdə hərbçilərin yaşaması və xidmət aparması üçün şərait yaradılmalıdır. Son vaxtlar hərbçilərimiz qeyri-döyüş şəraitində faciəvi şəkildə həlak olurlar. Bir müddət əvvəl əsgər tikintidə həlak olmuşdu. İndi isə əsgərin elektrik cərəyanı vurması nəticəsində həlak olduğu deyilir. Hesab edirəm ki, hərbi prokurorluq bunların əsil səbəblərini öyrənməlidir. Bildiyimiz kimi, tikintilər tenderlər vasitəsi ilə həyata keçirilməlidir. Bunun özündə də ciddi qaranlıq məqamlar var. Bundan əlavə, tikintini həyata keçirən şirkətlər bütün işləri görməlidir. Məsələ ondadır ki, gələn informasiyalar bunun tam əksini deyir.

Əsgər niyə görə tikintiyə cəlb olunmalıdır, əsgəri niyə görə elektrik vurmalıdır? Niyə görə əsgər döyüş tapşırığını yerinə yetirmək əvəzinə, tikintiyə cəlb olunub və ya o ərazidə olub? Hesab edirəm ki, ciddi araşdırmaya ehtiyac var. Əsil səbəb öyrənilməlidir və günahkar şəxslər cəzalandırılmalıdır.

Baş verənlər ya nəzarətsizlikdən olur, ya da bəzi komandirlərin səlahiyyət həddini aşıb o sahədə əsgərlərə tapşırıqlar verməsindən irəli gəlir”.

İşğaldan azad edilmiş ərazilərdəki mağazalarda qiymətlərin baha olması və bəzilərinin hərbçilərin hesabına varlanma arzularına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Bütün hərbi hissələrdə mağazalar var. Əvvəllər həmin mağazalar yoxlanılırdı. Komissiyalar işləyirdi, hər şeyə nəzarət edilirdi. Komissiyalar yoxlamalar aparan zaman gəliri aktlaşdırırdı, məhsulların maya dəyərini hesablayırdı. Son günlər Kəlbəcərdə mağazadakı qiymətlər ictimaiyyətin diqqətinə çatdırılıb. Nəinki hərbçilərə baha qiymətə mallar satılır, hətta nisyə satılma halları da var. Bu o deməkdir ki, hərbçilər borclandırılır. Bu, qanunsuzdur. Hesab edirəm ki, hərbçilərin hesabına mağazaları gəlir mənbəyi kimi istifadə etmək olmaz. Uzun illərdir ki, hərbi mağazalardakı özbaşınalıqla bağlı yazılır, ancaq heç nə dəyişmir, təlimatlar yerinə yetirilmir. Əsgər maaş alan kimi dərhal göndərilir ki, mağazadan tualet ləvazimatları alsın. Bu da qanunaziddir. Bu faktın özü də ciddi nəzarətə götürülməlidir”.

loading...
Diaspora