Arxeoloji tədqiqatlar davam edir: Mil-Qarabağ bölgəsində

Arxeoloji tədqiqatlar davam edir: Mil-Qarabağ bölgəsində backend

Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən başlayaraq Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə antik və orta əsr şəhər məskənində tədqiqatlar aparır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya institutunun çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev AZƏRTAC-ın müxbirinə müsahibəsində Qalatəpədə və ətraf ərazilərdə aparılan aqxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, ümumi sahəsi 26 hektar olan bu məskənin 2 hektara yaxın hissəsi akropolun – yuxarı şəhərin payına düşür. 2008-2013-cü illərdə burada 300 kvadratmetr sahə tədqiq edilib, 10 metrə yaxın mədəni təbəqə öyrənilib. İlkin tədqiqatlar abidənin üst qatının orta əsrlərə – IX-XIII əsrin əvvəllərinə aid olduğunu göstərir. Bu təbəqədə bişmiş kərpicdən inşa olunmuş tikili qalıqları, ocaq yerləri, gəcdən suvaq çəkilmiş döşəmələr açılıb, saxsı, daş, şüşə və metaldan hazırlanmış nümunələr əldə edilib.

Birinci qazıntı sahəsindəki orta əsr təbəqəsi daha əvvəlki dövrə aid çiy kərpic tikililərin üzərindədir. Hündürlüyü 6 metrə çatan divarlara malik bu tikililər mükəmməl istehkam qurğularının, ictimai binaların tərkib hissələridir. 6,4-8 metr dərinlikdəki mədəni təbəqə yanğın izləri və kül qatları ilə müşayiət olunur. Burada üzəri gillə suvanmış kiçik meydança və onun ortasında əhəng daşından hazırlanmış və antik dövr memarlığı üçün səciyyəvi sütun altlığı, ətrafında isə düzbucaqlı şəkildə iri ocaq qurğusu aşkarlanıb. Bu təbəqədə yanaraq kömürləşmiş iri ağac parçaları qalaqlanıb. Aparılan analizlər bu qalıqların təxminən 2 min il əvvələ aid olduğunu göstərir. Daş sütun altlığından aşağıda çiy kərpicdən inşa olunan daha qədim hörgüyə təsadüf olunub. Buradakı kvadrat şəkilli kərpiclər ölçülərinə görə son illər Şəmkir rayonunda rast gəlinən Əhəməni dövrünə (e.ə. V-IV əsrlər) aid sarayların, eləcə də Beyləqan rayonu ərazisindəki Qaratəpə yaşayış məskəninin (e.ə. V-I əsrlər) II mədəni təbəqəsində açılan tikililərin inşasında istifadə edilmiş çiy kərpiclərə bənzəyir. Bütövlükdə isə birinci qazıntı sahəsindən rast gəlinən artefaktlar, xüsusilə də üzəri qırmızı boya ilə naxışlanmış saxsı qab fraqmentləri Qalatəpənin antik nekropolundan tapılan nümunələrlə oxşarlıq təşkil edir. Bu günədək nekropolda 14 küp qəbir tədqiq olunub. Onların birində sağ böyrü üstə bükülü vəziyyətdə sol əlində kiçik ölçülü bardaq, sağ əlində isə dəmir tiyəli xəncər tutmuş şəxs dəfn edilib. Xəncərin dəmir dəstəyinə ağac və sümükdən tunc mismarlarla bərkidilmiş üzlük çəkilib. Qəbir avadanlığı arasında oval formalı şəffaf şüşədən hazırlanmış gemma maraq doğurur. Onun üzərində oyma üsulla döyüşçü təsviri həkk olunub: başında dəbilqə olan bu döyüşçü qabağa uzatdığı sol əlində kaman tutub, sağ əlini isə 3 ayaqlı dairəvi stolun üstünə qoyub. Kürəyində isə ox qabı və qılıncının dəstəyi görünür.

2013-2014-cü illərdə yuxarı şəhərin cənub-şərq hissəsindəki 200 kvadratmetr sahədə qazıntı işləri aparılıb. Hazırda burada qazıntılar davam edir. Hələlik Qalatəpənin ikinci qazıntı sahəsində 1,4-1,6 metr qalınlığında mədəni təbəqə açılaraq öyrənilib. Orta əsrlərə (XI-XIII əsrlər) aid bu təbəqə zəngin maddi qalıqları ilə diqqəti çəkir. Burada bişmiş və çiy kərpiclərdən tikili qalıqlarına, təndir və digər təsərrüfat quyularına, müxtəlif çeşidli, hətta bir qismi bütöv qalan saxsı qab nümunələrinə, çay daşlarından düzəldilmiş əmək alətlərinə, şüşə və metaldan hazırlanmış bəzək əşyalarına təsadüf edilib. Qazıntı nəticəsində gil qapaqların, qazanların, bardaqların, üzəri həndəsi və nəbati naxışlı şirli qabların, qabartma təsvirli kaşıların, şirli və şirsiz çıraqların, şüşə bilərziklərin böyük bir kolleksiyası toplanıb.

Qalatəpədə həyat monqolların ilk hücumlarından sonra dayanıb. Bunun əlamətlərini ikinci qazıntı sahəsinin 0,4-0,6 metr dərinlikdə yerləşən mədəni qatında aydın müşahidə etmək mümkündür. Ocaq üstündə qalan bütöv qazanlar, çaynik tipli təkqulp qab və küpə, digər gözəl şirli qablar sakinlərin evlərini ani olaraq tərk etdiyindən xəbər verir. Maraqlıdır ki, zamanına görə qiymətli sayılan bu əşyalar qarət olunmayıb, sakinlər isə bir daha doğma şəhərə qayıtmayıblar.

Qalatəpə şəhər məskənində son illərdə aparılan qazıntıların nəticələri bu abidənin antik müəlliflərin “Aynian”, “Enian”, orta əsr müəlliflərinin isə “Yunan” adlandırdıqları şəhərin xarabalığı olduğunu deməyə əsas verir. Qalatəpənin yerləşdiyi koordinatları da həmin şəhər haqqında mənbələrin verdiyi məlumatlara uyğundur. Qalatəpə tariximiz üçün Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər məskəni kimi də xüsusi əhəmiyyət kəsb edir.

Təvəkkül Əliyev bildirib ki, Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası hazırda Mil-Qarabağ bölgəsində tədqiqatları davam etdirir. I və IV Kamiltəpədə, Döllüktəpədə, Şahtəpə və onun ətrafında, eləcə də 18 və 124 saylı qədim məskənlərdə aparılan qazıntı işlərinin nəticələri Neolit və Eneolit dövrlərində (e.ə. VII – IV minilliklər) Azərbaycanın bu qədim bölgəsində baş verən sosial-iqtisadi proseslərin rekonstruksiyasında, burada təşəkkül tapan ibtidai cəmiyyətin mədəni-təsərrüfat həyatının ayrı-ayrı aspektlərinin araşdırılmasında əhəmiyyətli rol oynayır.

Beynəlxalq ekspedisiya hələlik əsas diqqəti toplanmış artefaktların kameral işlənməsinə və Qarasu hövzəsindəki 18 saylı con Neolit dövrü yaşayış məskənində qazıntılara yönəltsə də, Mil-Qarabağ düzündəki abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində də iş aparır. Bu günədək Neolit dövründən son orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 180-ə yaxın abidə qeydə alınıb. Onların əksəriyyəti Qarqarçay, Honaşen, Qarasu və qismən də Şpartı (Şivarx) çayları boyunca cəmləşib. Tədqiqat zamanı həmin ərazilər peyk və CORONA, GeoEye ve Google Earth sistemləri ilə nəzərdən keçirilib, yaşayış məskənləri və qəbir abidələrinin yerləri müəyyən edilib. Bunlarla yanaşı, bölgədə qədim irreqasiya sistemlərini araşdırmaq məqsədilə arx və kanallarda şurflar qazılıb, profillər çıxarılıb, analiz üçün nümunələr götürülüb.

Müsahibimiz qeyd edib ki, Mil-Qarabağ düzənliyində aparılan ardıcıl tədqiqatlar Neolit və Eneolit dövrlərində (e.ə. VII – IV minilliklər) bu ərazinin əlverişli təbii-coğrafi şəraitə, münbit landşafta, xüsusilə şirin su qaynaqlarına malik olduğunu göstərir. Bunlar isə öz növbəsində bölgədə gur, qaynar həyatı şərtləndirib. İstehsal təsərrüfatının inkişafı nəticəsində burada oturaq əkinçilik mədəniyyəti formalaşıb. Bu mədəniyyətin daşıyıcıları olan qədim Azərbaycan əhalisi qonşu regionlarda, o cümlədən Mesopotamiyanın şimalında təşəkkül tapan erkən sivilizasiyalarla sıx əlaqələr saxlayıb. Erkən Dəmir dövründə, Antik dövrdə və Orta əsrlərdə də bölgə insan məskənləri ilə zəngin olub.

Diaspora