Muxtar respublikada torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi və ekoloji əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə sahibkarlarla, fermerlərlə, fərdi təsərrüfat sahibləri ilə otlaq və biçənək ərazilərində görüşlər keçirilir, otlaqlardan düzgün istifadə edilməsi, torpaqların münbitliyinin bərpası və artırılması sahəsində mövcud qanunvericiliyin tələbləri onlara izah edilir.Cari ilin may-avqust ayları ərzində yay otlaq sahələrində, örüş və biçənəklərdə ekoloji qiymətləndirmə işləri aparılıb, “Batabat”, “Qanlı göl”, “Keçəl dağ”, “Dəmirli yurdu” və “Göy-göl” ətrafı yaylaqlarda ekoloji-hüquqi maarifləndirici tədbirlər davam etdirilib.
Muxtar respublikada yay otlaq sahələri 29 min 736 hektar olduğu üçün torpaqların yem ehtiyatlarının qorunması və bərpası tədbirlərinin önəmi daha da artır. Ona görə də yay otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması məqsədilə həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi ekoloji-hüquqi maarifləndirici və məlumatlandırıcı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.
Bu sahədə görülən işlərin məqsədi otlaqların yem ehtiyatlarını qorumaqla yanaşı, torpaqların səhralaşmasının qarşısını almaqdır.