“Doğrusu, buna razı deyiləm, taleyi belə gəldiyi üçün qorxuram...”

“Doğrusu, buna razı deyiləm, taleyi belə gəldiyi üçün qorxuram...” backend

“Əlizamanın 25 yaşı tamam oldu, dörd nəfər şəhid anası və bir nəfər şəhid atası gəlmişdi. Əlizamanı dəfn etdiyimiz  Lənkəranın Cil kəndində icra nümayəndəsi və yaxınlarımız iştirak etdi”.

 

Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Əlizaman İslamovun anası Hürnisə xanım deyib. Şəhid anası oğlunun şəkilləriylə təsəlli tapdığını bildirib:

 

“Elə bir problemim yoxdur. Ancaq çalışıram ki, Əlizamanın adı məktəbə verilsin. Amma hələ ki, nəticə yoxdur. Əlizaman tək oğlan idi, o da şəhid oldu. Tək qaldığım üçün bacım yanımda qalır. Əlizaman yuxuma girir, amma bir kəlmə belə danışmır. Sanki küskün kimidir. 

 

Təsəllim onun şəkilləridir. Ancaq çalışıram ki, onun adını yaşatmaq üçün hər yerdə haqqında məlumatlar paylaşım. Əlizamanın adını qardaşım yeni doğulacaq körpəsinə qoymaq istəyir. Doğrusu, mən buna razı deyiləm. Əlizamanın taleyi belə gəldiyi üçün kiminsə onun adını daşımasına qorxuram”. 

 

Qeyd edək ki, şəhid Əlizaman İslamov ailənin tək övladı olub. O, aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 

Diaspora