Şəhid ailələrinin bir qrupu Milli Məclisin rəhbərliyi ilə görüşmək üçün növbəti dəfə parlamentin binasının yaxınlığına toplaşmışdılar. Onlar bildirdilər ki, doğmalarını itirdiklərinə görə almalı olduqları sığortanı (qanpulu) hələ də əldə edə bilmirlər.
Qubadlıdan didərgin düşmüş Dəmir Allahverdi oğlu dedi ki, bir oğlu şəhiddir, digəri isə ikinci qrup Qarabağ əlilidir: “Özüm də Qarabağ müharibəsi işrirakçısıyam. Sumqayıtda, 15-ci mikrorayonda qalırıq. 20 ildir ki, 7 nəfərlik ailə ilə yataqxanada qalırıq. Gəlib, görən olsa, deyərlər burda insanmı yaşayar? Biz xahiş edirik ki, bizə çatmalı olacaq sığortanı versinlər. Vermirlərsə də, birdəfəlik desinlər, işimizi bilək”.Şəhid atası dedi ki, 1 ildir Prezident Administrasiyası və Milli Məclis arasında qalıblar, ancaq nəticəsi yoxdur: “Bu yollarda əsir-yesir olmuşuq. Mən bu yaşımda neçə illər qarın, boranın içində yatdım, budur mənə hörmətləri..?”
“Prezidentimizin bu işdən xəbəri yoxdur. Əgər olsa, hər gün ayrılan vəsaitlərlə bağlı danışır, müxtəlif tədbirlərdə çıxış edir, ancaq bizim məsələdən danışmır. Deməli, prezidentimizə bizim dərdimizi çatdıran yoxdur. Milli Məclisdə də hamı bizi qəbul edib, həkimlərin sözü kimi hərəsi bir söz deyib”. Bunu isə şəhid atası Mirzəyev İskəndər Piri oğlu Söylədi.
Sonra da o, əlini ətrafdakı xarici maşınlara uzatdı: “Bu bahalı maşınları bizim şəhid balalarımızın hesabına alıblar. Yoxsa, bizdən artıq adam deyillər ki...”
Şəhid atası Adiyev Qardaşxan Həmzə oğlu dedi ki, oğlu Həmzə institutun 1-ci kursundan orduya könüllü gedib: “Ağdamın Güllücə kəndində şəhid oldu. Ancaq onlara çatası sığorta pulunu vermirlər. Özümə Sumqayıtda 18 kv.m yer vermişdilər, maşın sexi açmağa, onu da söküb-dağıtdılar. Heç nəyə də aidiyatı yox idi. İki dəfə İcra Hakimiyyətində olmuşam, yazmışam. Bütün sənədlərlə birgə prezidentə də məktub yazmışam. Ancaq heç bir nəticə yoxdur. İtiriblər, yaxşı ediblər, heç olmasa tikintiyə xərclədiyim pulumu ödəsinlər. Bu, nə vaxta qədər davam edəcək?”
Nuruşov Cənnət Dəmir oğlu isə dedi ki, oğlu Politexnik İnstitutunu bitirib. Diplomunu almaq ərəfəsində orduya gedib və Ağdamda şəhid olub: “Mən özüm döyüşdəydim, hay saldılar ki, olğlunun meyitini gətiriblər. O biri oğlum da əlildir, özüm də müharibə iştirakçısı... Budur bunların mənə hörməti..?”
Şəhid Ağayev Mətləbin həyat yoldaşı Ağayeva Bəhliyə isə dedi ki, 200 manat prezident təqaüdü alır: “Bununla şəhid ailəsi necə dolansın? İki oğlum var, institutu bitiriblər, iş üçün yer qalmayıb, onları işə düzəldə bilmirəm. Həyat yoldaşımın adına Keşlədə küçə də var. Ancaq 11 minə görə bir ildir ki, küçələrdəyik. Birdəfəlik desinlər ki, vermirik, gedib oturaq evimizdə... Yox, əgər verirlərsə, ödəsin də...”
Eyvazova Sayalı Gülməmməd qızı Beyləqan rayonundandır. Şəhid Rövşən Axundovun anasıdır. O da haqsızlıqdan şikayətçidir: “Hər yerə müraciət etmişəm. Prezident Aparatında bəlkə 20 dəfə olmuşam”.
Həyat yoldaşı şəhid olan Tahirə xanım isə “Mənim 4 balam qalıb, heç birinin ev-eşiyi yoxdur, qalmışıq küçələrdə... Erməni ilə üzbəüz döyüşüb, qırılan oğlanların qanı niyə batmalıdır ki..?” – dedi.
Kəmalə Hüseynova isə dedi ki, həyat yoldaşı Nazim Kabulov “20 Yanvar” batalyonunda, Fərman müəllimin dəstəsində döyüşüb, Qarabağ əlili olub. 2014-cü ilin dekabrında isə ailə başçısını itirib: “İki övladım var. Balalarımıza çatası sığorta pulunun ödənilməsini prezidentdən xahiş edirəm”.
“Hər dəfə yalandan deyirlər ki, hökumətə müraciət olunub, məsələ həll olunacaq. Hətta fevralın 2-sinə söz vermişdilər. Heç bir nəticəsi yoxdur”. Bunu isə başqa bir şəhid ailəsi Nərgiz Nəsirova söylədi.
O, dedi ki, həyat yoldaşı Kəlbəcər uğrunda döyüşlərdə şəhid olub: “Bizə zərrə qədər hörmət yoxdur. Yoldaşım şəhid olanda bir uşağım 10 aylıq idi, o birisinin 2 yaşı var idi. İndi biri 26, digəri 23 yaşındadır. İkisini də oxutmuşam, ancaq onları işə düzəldə bilmirəm. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin qəbulunda oldum. Füzuli Əsədova tapşırdı ki, bu uşağı işə götür. Deyir, xanım 3 il gözləyin. Uşağımın biri də evdə əlildir. Əlil qardaşının pulunu yesin? Nə sığorta vermirlər, nə mənzil növbəmi nəzərə alıb, mənzil vermirlər, nə də uşaqlarımı işə düzəldə bilmirəm. Atam da 1941-45 müharibəsi vetereanıydı, 9 uşağından birinə də ev ala bilmədi, ölən günə qədər...Nəsimi rayonunda bizim şikayətimizə bir nəfər olsun, baxmır”.
Sultanova Gülşən Qafar qızı isə həyat yoldaşını 1994-cü ildə Füzuli rayonunda itirib. O da təaqüdlə yaşamağın mümkünsüz olduğunu deyib, sığortanın ödənilməsini xahiş etdi.
Durna Kərimova da həyat yoldaşını 1992-ci ildə itirib: “3 uşaqla anamın evində qalıram. Qardaşımın 45 yaşı var, indiyədək bizə görə evlənməyib”.
4 övlad anası olan digər xanım isə dedi ki, özünün 27 yaşı olanda həyat yoldaşı Cavanşir Qəribov həlak olub və o vaxtdan körpə uşaqlara tək baxır: “Uşağımın da biri epilepsiya xəstəsidir. Mən özüm də onurğamdan əziyyət çəkirəm, əliləm. Heç kimdən dəstək görmürəm. Mən illərdir ki, bir qarış torpaq ala bilmirəm. Amma köçdüyüm Qaraçuxurda torpaqların hamısını zəbt edib, villalar tikirlər. Ancaq 4 şəhid uşağına 2-3 sot torpaq vermədilər ki, mən onları ayaq üstə qaldırım. Yenə də sağ olsun, rabitə naziri, qızım rabitəçi olduğu üçün onu işə götürdü. Xahiş edirik ki, əlaqədar təşkilatlar bizə çatası sığortanın ödənilməsinə qərar versinlər”.
Hər halda biz şikayətçiləri dinlədik və yazdıq. İndi söz müvafiq qurumlarındır.
Xatırladaq ki, bundan əvvəlki iclasda Milli Məclisin sədri Oqtay Əsədov məsələ barədə hökumətə müraciət etdiklərini deyərək, problemin yaxın müddətdə aradan qaldırılacağına ümidini ifadə etmişdi
Cavid TURAN
FOTO: “YM”