Nazirliyin qarşısında etiraz edən qazilərin SİYAHISI

Nazirliyin qarşısında etiraz edən qazilərin  SİYAHISI backend

İyunun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz edən qazilərin adları açıqlanıb. 

Bunu Oxu.Az-a müsahibəsi zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib. 

Onun sözlərinə görə, onların hər birinə müharibə veteranı kimi aylıq təqaüd təyin olunub:

“Digər tərəfdən, onlardan bir qisminə hələ ötən dövrdə əlillik və aylıq sosial ödənişlər təyin edilib. Məsələn, həmin qazilərdən biri olan Hacı Vəliyevə ikinci dərəcəli əlillik və aylıq 1029 manat pensiya və təqaüd təyin olunub. Ona 6600 manat sığorta ödənişi, “YAŞAT” Fondu tərəfindən 12 min manat maddi yardım edilib.

Psixoloji reabilitasiyaya cəlb olunub, habelə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim tərəfindən oftalmoloji xidmətlə təmin olunub. O, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini səviyyəsində və nazirliyin rəhbər vəzifəli şəxsləri səviyyəsində dinlənilib. Qaldırdığı məsələlərin həlli üçün müvafiq işlər görülüb. 

Müraciət edən 11 nəfərdən Verdiyev Elçin Etibar oğluna III dərəcəli əlillik və sosial ödənişlər təyin edilib. 550 manat sığorta ödənişi, “YAŞAT” Fondu tərəfindən 2500 manat maddi yardım edilib.

Məmmədov Samir Cavanşir oğluna 2750 manat sığorta ödənişi, “YAŞAT” Fondu tərəfindən 2500 manat maddi yardım edilib, müharibə veteranı kimi aylıq Prezident təqaüdü təyin olunub.

Novruzov Rövşən Rafail oğlu 2014-cü ildən 881 manat pensiya, 2016-cı ildən 350 manat aylıq Prezident təqaüdü ilə təmin olunub. Əlilliyinin müddəti ötən ilin sonlarında bitib. Hazırda orta məktəbdə hərbi hazırlıq müəllimi işləyir, əməkhaqqı 1000 manatdan yüksəkdir.

İsmayılov Samir İsmayıl oğluna hələ beş il əvvəl ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar III dərəcəli əlillik və buna görə 411 manat pensiya, 300 manat Prezident təqaüdü təyin edilib. Əlilliyinin müddəti bu ilin fevral ayında bitib və təkrar qiymətləndirmə zamanı diaqnozu əsas yaratmadığı üçün əlillik təyinatından imtina edilib. Lakin nazirlik tərəfindən ödənişli ictimai işlər proqramında işlə təmin olunub. 

Şatanov Kamal Cabir oğluna müharibə veteranı kimi Prezident təqaüdü təyin olunub. 2750 manat sığorta ödənişi, “YAŞAT” Fondu tərəfindən 2500 manat yardım edilib. Bu ilin aprel ayında isə müalicəsi bitdikdən sonra ona əlillik və aylıq sosial ödənişlər təyin edilib. Eyni zamanda, “İribuynuzlu heyvandarlıq” istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb edilib və yaxın günlərdə aktivlər veriləcək.

Rzayev Asiman Mansır oğluna müharibə veteranı kimi Prezident təqaüdü təyin olunub və özünüməşğulluq proqramına cəlb olunub. Əlilliklə bağlı da əslində heç vaxt müraciəti olmayıb.

Hüseynov Bayram Nizami oğluna müharibə veteranı kimi Prezident təqaüdü, 30.01.2022-ci il tarixdən 1016.66 manat pensiya təyin edilib, “Kiçik fotoatelye” istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb edilib və yaxın vaxtlarda aktivlərlə təmin olunacaq.

Həşimov Vüqar Maarif oğluna da müharibə veteranı kimi Prezident təqaüdü təyin olunub. Əliyev Rabil Yaməddin oğluna isə 2750 manat sığorta ödənişi, “YAŞAT” Fondu tərəfindən 2500 manat maddi yardım edilib. Hər ikisinin diaqnozu əlillik təyinatına əsas vermədiyi üçün qanunvericiliyə uyğun olaraq əlillik təyinatından imtina edilib.

Yaxud Qadir Cəfərov adlı qazimizə də təqaüd təyin edilib. 550 manat sığorta ödənişi edilib. Lakin bu gənc qazi müharibədə yaralandığını deyərək ona mütləq əlillik təyin edilməsini tələb edir. Hətta ona əlillik verilməsinin mümkün olmadığı barədə dəfələrlə izah olunmasına baxmayaraq, təkid etməkdə davam edir, bir qədər əvvəl isə agentliyə gələrək özünə xəsarət yetirməklə quruma təzyiq etməyə cəhd göstərib.  

Göründüyü kimi, iyunun 2-də nazirliyə etiraza gələn qazilərin hər biri əslində sosial dəstəklə təmin olunub və dəfələrlə qəbul edilib, dinlənilib”, - deyə o qeyd edib.

loading...
Diaspora