Müəllim şagirdi vəhşicəsinə döyüb - BAKIDA

Müəllim şagirdi vəhşicəsinə döyüb - BAKIDA backend

Məktəb direktoru: "İş polisdədir, polis də qərarını versin" Sabunçu rayonu 90 saylı orta məktəbin 7-ci sinif şagirdi Orxan Həsənov məktəbin bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən vəhşicəsinə döyülüb. Bu barədə Lent.az-a şagirdin valideyni Mirələm Həsənov məlumat verib.

Onun sözlərinə görə, O. Həsənov bir həftə əvvəl bədən tərbiyəsi müəlliminin maşının yanından keçəndə yerə tüpürərkən, tüpürcək onun maşınına düşüb. Maşının üstündə tüpürcək görən müəllim bərk qəzəblənib. Bunu Orxanın etdiyini öyrənəndən sonra isə onu axtarmağa başlayıb. Orxan isə müəllimin yanına gedərək ondan üzr istəyib.
Bununla qəzəbi soyumayan müəllim Orxanı məktəbin boş otağına aparıb. Daha sonra Orxandan şalvarını soyunmağını tələb edib. Və şlanqla onun bədəninə vurmağa başlayıb.

Atasının dediyinə görə, E. Cəbrayılov Orxanı döyərkən yanında onun sinif yoldaşları - Fuad və Xəyal da olub. Orxana dəyən şlanqlar Fuadla Xəyala da dəyib.

Orxan müəllimin əlindən zorla qurtulub. Məktəbin yaxınlığındakı mağazadan evə zəng edərək, bu barədə anasına məlumat verib.

Atası Lent.az-a verdiyi açıqlamada bildirir ki, Orxanı Sabunçu rayon 3 saylı xəstəxanaya çatdırıblar. Baş vermiş hadisəylə bağlı Sabunçu rayonu Polis İdarəsinin 12 saylı polis bölməsində olublar. Atasının izahatı alındıqdan sonra ekspertizanın rəyinə əsasən faktla bağlı işə baxılacaq.

M. Həsənov onu da əlavə edib ki, Orxanın bədəni hələ də gömgöydür, barmaqları isə yaxşı işləmir. Ən pisi də odur ki, o, daha məktəbə getmək istəmir.

Orxanın sinif rəhbəri Bəyimxanım Hacıyeva Lent.az-a açıqlamasında döyülmə faktını təsdiqləyib: “Bəli, döyüb. Özü də necə? Uşağı qapqara qaraldıb. Vəhşicəsinə. Daha əvvəl də belə şeylər edib. Kim şikayət edirsə, “arxam doludur, nə bilirsiniz edin”, deyir”.

Məsələ ilə məktəbin direktoru Qurbantac Qazıbəyova ilə də əlaqə saxladıq. Direktor Lent.az-a açıqlamasında E. Cəbrayılovun hərəkətini pisləyib: “Mən bir məktəb direktoru kimi ona töhmət elan etmişəm. Şifahi də danladım. Onunla söhbətim də olub. İş polisdədir. Polis də qərarını çıxarsın, baxarıq. Təhsil İdarəsinə də müraciət etmişəm. Mən heç bir uşağımın döyülməsini, ona qarşı zorakılıq tətbiq olunmasına qarşıyam. Orxan çox tərbiyəli uşaqdır. Uşaq uşaqdır. Tərbiyəli, ya tərbiyəsiz. Heç kimin ixtiyarı çatmır onu döyməyə”.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon sakini Nuranə Həsənova fevralın 10-da 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 7-ci sinif şagirdi olan oğlu Orxan Həsənov təhsil aldığı 90 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi EmilCəbrayılov tərəfindən döyülüb.

Polisdən vətəndaşın ərizəsi ilə bağlı araşdırma aparıldığı bildirilib.
Diaspora