Nazirlikdən qazilərə nə dedilər?

Nazirlikdən qazilərə nə dedilər? backend

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı QHT rəhbərləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri ilə  görüş olub.
 
Qaziler.az bildirir ki, görüş Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işlərin və problemlərin ictimai müzakirəsinə həsr olunmuşdu.
 
Görüşdə əsasən Qarabağ əlillərini narahat edən məsələlər müzakirə edilib. “Qarabağ qaziləri” İB-nin sədri Asəf Əliyev çıxışında qazilərin qarşılaşdığı neqativ hallarla bağlı, ümumiyyətlə əlillik dərəcələrinin verilməsi, müəyyənləşdirilməsi prosesində qazilərin qarşılaşdığı problemləri, narazılıqları faktlarla nazirlik nümayəndələrinin diqqətinə çatdırıb. 

Asəf Əliyev bu məsələlərin müzakirə edilməsini görüş iştirakçılarından xahiş edib. Həmin məsələlər müzakirəyə çıxarılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov və ƏƏSMN-nin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev Asəf Əliyevin təqdim etdiyi həmin faktlar əsasında araşdırma aparılacağını bildiriblər. 

Görüşdə Asəf Əliyev xüsusən 1991-94-cü illərdə yaralanmış qazilərin protezləşdirilməsi ilə bağlı nazirlikdə yaradılmış elektron sistemin törətdiyi neqativ halları da diqqətə çatdırıb. “30 il ərzində əlinə, ayağına protez alan əlilə protez kombinatında bildirilir ki, adın sistemdə yoxdur. Elə qazimiz var ki, 4 aydır adını sistemə saldıra bilmirik. "Qarabağ qaziləri" İctimai Birliyi ƏƏSMN ilə daim əməkdaşlıq edir. Düzdir, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov və nazirliyin digər əməkdaşlarına müraciət etməklə problemlərin qismən həll edilməsinə nail oluruq. Lakin bu, kifayət etmir. Çünki bizə bununla bağlı müraciət etməyən, adları sistemdə olmayan qazilər də var. Onlar 6-7 aydır protez ala bilmirlər. Bunlar da çox ciddi narahatlıq yaradıb. Bu da dövlət başçısı ilham Əliyevin qazilərə, şəhid ailələrinə göstərdiyi qayğıya kölgə salır. Nazirlikdə bu cür neqativ halların olması qazilərin ümumilikdə narazılığını formalaşdırır. Bu da öz növbəsində dövlətdən narazılığa gətirib çıxarır” – deyə birlik sədri qeyd edib. 

Tədbir iştirakçıları bu və digər məsələlərlə bağlı bir çox təkliflərlə çıxış ediblər.

“Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu çıxışında əlillik dərəcəsi verilməyən, həqiqətən yaralanmış qazilərə bir müddət dövlət tərəfindən 300-500 manat müavinət verilməsini və yaxud Qarabağ əlillərinə verilən müavinətə uyğun (I qrup 400 manat, II qrup 350 manat, III qrup  300 manat) orta rəqəm götürüb 44 günlük müharibədə yaralanmış şəxslərə aylıq müavinət verilməsini təklif edib. O bildirib ki, həmin qazilərin yaraları sağalana, müxtəlif peşələrə yiyələnə qədər bu müavinətin verilməsi narazılıqların qarşısını ala bilər: “Beləliklə, bu, onların həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcək, bu gün sosial şəbəkələrdə, cəmiyyətdə qarşılaşdığımız o narazılıqların qarşısı maksimum alınacaqdır” – deyə Rey Kərimoğlu vurğulayıb. 

Xatırladaq ki,  müzakirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Qarabağ qaziləri” İB-nin sədri Asəf Əliyev, həmin İB-nin üzvü, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, “Zəfər” Şəhid Ailələrinə Yardım İB-nin  sədri Sevinc Orucova, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-nin sədri Mirhəsən Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli iştirak ediblər.

Diaspora