Sanksiyalar Putini niyə durdurmur? – Rusiya çox mühüm bazarlardan çıxarılır...

Sanksiyalar Putini niyə durdurmur? –  Rusiya çox mühüm bazarlardan çıxarılır... backend

Ukraynaya hücum edəndən indiyədək Rusiya Qərbin ən ağır sanksiyalarına məruz qoyulub. Dünyada yeganə dövlətdir ki, artıq 2 minə yaxın dövlət, biznes adamı, yüzlərlə şirkəti, bankı, gəmiləri sanksiyalara məruz qoyulub. Sonuncu sanksiyalar 3 gün əvvəl açıqlanıb. Belə ki, ABŞ hökuməti cümə axşamı Rusiya elitasının, o cümlədən Prezident Vladimir Putinin “pulu gizlətməyə və köçürməyə cəhd etmək və anonim olaraq dünya boyu lüks aktivlərdən istifadə etmək” üçün əl atdığı sanksiyalardan yayınma tədbirlərini aradan qaldırmağa çalışdığını bildirib. Daha sonra yeni sanksiyalar açıqlanıb.

Məlum olub ki, sanksiya siyahısına Rusiyanın əmlak kralı sayılan Qod Nisanovdan tutmuş, Putinin övladlarının anası olduğu deyilən Alena Kabayevaya qədər Rusiya prezidentinə yaxın çoxsaylı şəxslər, həmçinin yaxtalar, Rusiyanın aviasiya sənayesi müəssisələri və sair daxil edilib. Ağ Ev bildirib ki, yeni sanksiyalar “yayınma hallarının qarşısını almaq və sanksiyaların tətbiqini gücləndirmək və Putinə və onun köməkçilərinə təzyiqi artırmaq məqsədilə” tətbiq olunub.



ABŞ dövlət katibi Antoni Blinken sanksiyaları açıqlayan bəyanatında deyib ki, “Birləşmiş Ştatlar Ukrayna xalqını dəstəkləməyə, eyni zamanda Prezident Putin və Rusiya təcavüzünə şərait yaradanlar üçün cavabdehliyi təşviq etməyə” davam edəcək. ABŞ hökuməti bildirib ki, Putin ötən il indi sanksiyanın tətbiq olunduğu yaxtalarda “çox sayda səfərlər edib.”

ABŞ-la eyni gündə Avropa İttifaqının Rusiyaya qarşı sayca 6-cı sanksiya paketi qəbul olunub. Bu paketə Rusiyanın əsas gəlir mənbəyi olan neftdən tədrici imtina da daxil edilib. Eyni zamanda Rusiyanın əsas bankı olan “Sberbank” SWIFT sistemindən ayrılıb, daha bir neçə banka qarşı da sanksiya tətbiq edilib. Artıq Ukrayna rəsmiləri, bəzi Avropa ölkələri nümayəndələri 7-ci sanksiya paketinin hazırlıqlarından bəhs etməyə başlayıblar.

ddd.jpg (104 KB)

Qərbin sanksiyaları fonunda Rusiyanın Ukraynaya hücumu 100 gündən çoxdur davam edir. Hətta Ukraynanın Donbas ərazisində yeni şəhərlər ələ keçirilib. Bu, istər-istəməz suallar yaradır ki, tətbiq olunan sanksiyalar nədən Rusiyanı dayandıra bilmir? Rusiya iqtisadiyyatı bu qədər dayanıqlıdır, yoxsa tətbiq olunan sanksiyalar yüngül?

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin Musavat.com-a dediyinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsir etməsi üçün müəyyən zamana ehtiyac var: “Rusiyanın müəyyən ehtiyatları vardı, eyni zamanda özünün resursları var. Bunlar imkan verir ki, qısamüddətli dövrdə tətbiq olunan sanksiyalara davam gətirə bilsin. Amma orta və uzunmüddətli dövrdə Rusiya iqtisadiyyatında çox kəskin problemlərin baş qaldıracağı şübhəsizdir. Xüsusilə texnoloji sahələrdə ölkə iqtisadiyyatının geri gedəcəyi gözlənilir. Söhbət texnika istehsalından tutmuş, hərbi sənayeyə qədər çoxşaxəli sahələrdə Qərb texnologiyalarından olan böyük asılılıqdan gedir. Rusiyanın bu asılılığı aradan qaldırmaq imkanı yoxdur. Hər nə qədər idxalın əvəzlənməsi tədbirlərini nəzərdə tutan qərarlar, sərəncamlar imzalansa belə, ölkənin elmi-texnoloji inkişaf səviyyəsi bunun üçün yetərli deyil. Qərb elmindən ayrı düşdükdən sonra bu sahənin inkişafı da əlçatmaz olacaq”.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

Ekspertin fikrincə, sanksiyaların bir neçə günə, hətta bir neçə aydan sonra Rusiyanı dağıdacağını heç kim, o cümlədən onu tətbiq edənlər gözləmirdilər: “Yəni sanksiyalar 3-5 aya Rusiya iqtisadiyyatının çökdürülməsi üçün tətbiq olunmayıb. Sanksiyaların ağır təsirlərinin ən azı bir ildən sonra hiss olunacağını onu tətbiq edənlər çox gözəl bilirlər. Əsas məqsədi Rusiyanı, onun rəhbərini sanksiyaların mümkün təsirlərini nəzərə alaraq işğalçılıqdan çəkindirməkdir. Düşünürəm ki, sanksiyaların ən ciddi təsiri Rusiya neftindən imtina olunduqdan sonra hiss edilməyə başlayacaq. İndiki qiymətlər şəraitində Rusiya az satıb çox qazana bilir. Lakin satmaq imkanları minimuma enəndən sonra əsas gəlirləri dayanacaq və onda iqtisadiyyatda çox ciddi problemlər baş qaldıracaq”.

Politoloq Şahin Cəfərlinin fikrincə, sanksiyaların effektindən danışarkən öncə bu qərarların hansı niyyət və hesablamalarla tətbiq olunduğunu aydınlaşdırmaq lazımdır: “Sanksiya siyasətinin müəllifləri bu addımların Rusiyanın müharibəni dərhal dayandırmasına və Ukraynadan geri çəkilməsinə səbəb olmayacağını bilməmiş deyillər. Nə qədər ağır sanksiyalar təbiq olunursa olunsun, Putin geri çəkilə bilməz və bunu Qərb də bilir. Sanksiyalar ümumən Rusiyanı zəiflətməyə, onu yüksək texnologiyalardan, qlobal iqtisadi və maliyyə sistemindən təcrid etməyə yönəlib. Rusiyanı geosiyasi, geoiqtisadi və geokultural izolyasiyaya məruz qoyaraq “oyunpozucu” roluna görə onu cəzalandırırlar. Beynəlxalq münasibətlərdə ABŞ və Çinlə eyni çəkili, bərabərhüquqlu hegemon güc kimi çıxış etmək istəyən Rusiyaya əsl yerini göstərirlər. Yəni sanksiyalar sırf Ukrayna məsələsi ilə bağlı deyil və Ukrayna probleminin çərçivəsi ilə məhdudlaşmır. Təsadüfi deyil ki, ABŞ prezidenti Cozef Bayden sanksiyaların Rusiya-Ukrayna barışığından sonra da qüvvədə qalacağını açıqlayıb. Onun bəyanatından bir neçə gün sonra İtaliyanın baş naziri Mario Draqi də “sanksiyalar uzun, çox uzun sürəcək, bu məsələdə illüziya olmamalıdır”, - açıqlamasını verdi”.
 

Şahin Cəfərli: “Azərbaycan baza prinsiplərindən imtina etməlidir”

Şahin Cəfərli

Politoloq bildirir ki, Rusiyanın Avropa coğrafiyasında müharibə törədərək müstəqil, suveren dövlətə qarşı açıq və amansız hücumu onu Avropa sivilizasiyasının bir hissəsi və ABŞ, Çin kimi böyük güclərə qarşı tarazlayıcı element kimi görən kontinental Avropanı da çətin seçimlə üz-üzə qoyub: “Avropa dövlətləri Rusiyanın bu dəhşətli hüquq pozuntuları ilə əlaqədar ona qarşı anqlo-saksonların müəyyən etdiyi uzunmüddətli basqı və təcrid strategiyasına qoşulmağa məcbur qalıblar. Əlbəttə ki, Rusiyanın getdikcə zəifləməsi, resurslarının azalması, sanksiyaların nəticəsində sosial müstəvidə və sistem daxilində yarana biləcək ziddiyyətlər və narazılıqlar Rusiyanın uzun müddət bu cür tükəndirici və ağır müharibə aparmaq imkanlarını məhdudlaşdıracaq. Amma sanksiyaların real təsirləri indiki mərhələdə deyil, bir qədər sonra hiss olunacaq. Rusiyanın əsas ixrac məhsulu və başlıca gəlir mənbəyi olan neft və neft məhsullarının Avropa bazarına ixracına qoyulan qadağa 6-8 ay sonra qüvvəyə minəcək. Rusiya təbii ki, Avropanın imtina etdiyi neft miqdarını Asiya bazarına çıxara bilər, lakin sanksiyalar tankerlərin sığortalanmasına da şamil ediləcək, bu isə logistika ilə bağlı ciddi problemlərin yaranmasına, Rusiyanın xərclərinin daha da artmasına gətirib çıxaracaq. Üstəlik, məlumdur ki, asiyalılar hələ sanksiya qərarı qəbul olunmamış Rusiya neftini ciddi diskontla, Brentdən 30-35 dollar ucuz satın alırdılar. Sanksiyalar qüvvəyə mindikdən sonra yəqin ki, Rusiyadan daha böyük endirim tələb olunacaq. Bundan başqa, Rusiyada hasilatın azalması problemi də var və bu ölkəyə modern texnologiyaların transferinin qadağan olunması dərin yataqlarda hasilat həyata keçirməyi qeyri-mümkün edir.

Texnoloji sahədə indi olmasa belə, orta və uzunmüddətli perspektivdə ən təsirli sanksiya Rusiyaya yarımkeçiricilərin (çip) ixracının dayandırılmasıdır. Məişət cihazlarından tutmuş, avtomobil sənayesinə və ən mürəkkəb silah sistemlərinə qədər, bütün sənayedə çiplər strateji əhəmiyyətli komponent olduğu üçün bu sahələrdə Rusiya ciddi şəkildə geriləyəcək”.

Rusiyaya qarşı misli görülməmiş sanksiyalar hazırlanıb”- iqtisadçı alimdən  ŞƏRH

Ş.Cəfərli bildirir ki, əslində neft embarqosu və Avropanın Rusiya təbii qazından asılılığı qısa müddətdə aradan qaldırmağa qərar verməsi qlobal enerji bazarının yenidən formatlanması deməkdir: “Rusiyanın artıq bu bazardan sıxışdırılmasına start verilib.

Yarımkeçiricilər və digər zəruri komponentlərin Rusiyaya satışına qoyulan qadağa, eləcə də bu ölkənin aparıcı hərbi-texnoloji müəssisələri və elmi institutlarının sanksiyalara məruz qalması isə Rusiya silah sənayesinin böhranına səbəb olacaq. Bununla əslində qlobal silah bazarı da yenidən format olunur. Rusiya bu bazardan da sıxışdırılır. Hər iki bazardan sıxışdırılmaq o deməkdir ki, ümumilikdə Rusiyanın dünyada nüfuzu və təsir imkanları da məhdudlaşacaq. Yəni Rusiya dövləti və xalqını, yumşaq desək, xoş gələcək gözləmir”.

Musavat.com

loading...
Diaspora