Mail.ru poçt ünvanı olanlara rus dilində guya “biznes-şans” qazandığı və bəxtinə 850 min avro düşdüyü haqda mesajların göndərilməsinə başlanılıb. “Ceyms Q.Muxammed” imzası ilə “böyük şirkət sahibi” tərəfindən göndərilən məktubda bu vəsaitin “təşəkkür kimi” alıcının hesabına köçürülməsini istədikləri bildirilir.
Bu barədə Axar.az-a danışan ekspert Osman Gündüz bildirib ki, bu, kiber- dələduzların köhnə metodudur, məqsədləri isə asan yolla pul əldə etməkdir.
O qeyd edib ki, dələduzlar bu yolla insanların ciblərinə girməyə çalışırlar və bəzən də buna nail olurlar:
“Onlar insanlarla yazışmağa başlayan zaman e-mail ünvanı soruşurlar, daha sonra 2-3 dollar ödəmələrini xahiş edirlər və bildirirlər ki, 2-3 dollar köçürüldükdən sonra onlara hesab açılacaq. Bu yol ilə də dələduzlar qazanc əldə edirlər. Yüzminlərlə adama belə mesaj gedir və nəticədə hamısı olmasa da, çoxu inanıb pul göndərir”.
Ekspert bunun dələduzluqdan başqa bir şey olmadığını deyib:
“Belə hal ilə rastlaşan adam dərhal imtina etməli və hüquq-mühafizə orqanlarına müraciət etməlidir”.
O.Gündüz bu mövzu ilə bağlı maarifləndirici işlərin, o cümldən tədbirlərin aparılmalı olduğunu da vurğulayıb:
“Bununla bağlı aidiyyəti qurumları, media, eləcə də vətəndaş cəmiyyəti maarifləndirmə işi aparsa, çox yaxşı olar. Belə problem bütün dünyada var. Dediyiniz kimi, bizdə də insanların çoxu şirinikləşir və tələyə düşür”, - deyə müsahibimiz bildirib.