"Məmurlar da bilməlidirlər ki, o insanlar döyüş yolu keçiblər" - Qazi baş leytenant

"Məmurlar da bilməlidirlər ki, o insanlar döyüş yolu keçiblər" -  Qazi baş leytenant backend

“Azərbaycan sivil ölkədir, çox gözəl qanunlarımız var. Hər kəs, o cümlədən biz qazilər də qanunlarımıza riayət etməliyik”.

Bunu APA-ya açıqlamasında “Vətən uğrunda”, “İgidliyə görə”, Şuşa, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medallarla təltif olunan qrup komandiri, baş leytenant Şəmsəddin Qurbanov deyib.

Şəmsəddin Qurbanov bildirib ki, etimad edilərək vəzifəyə təyin edilən məmurlar da vətəndaşların, o cümlədən qazilərin problemlərinə həssas yanaşmalı, etimadı doğrultmalıdırlar: “Bu baxımdan bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında yaşanan hal - nazirliyin qapısının sındırılması xoşagəlməz, arzuedilməz, qəbuledilməzdir. Təbii ki, mən də nəyisə vurub dağıtmağın tərəfdarı deyiləm. Haqq belə tələb edilə bilməz. Məmurlar da bilməlidirlər ki, o insanlar döyüş yolu keçiblər. Həmin məmurlar bu insanların döyüş yolundan məlumatlı olmasalar da, travma və diaqnozlarına baxaraq nəticə çıxarmalı, bu insanlara daha həssas, fərqli yanaşmalı, problemlərini dinləməlidirlər. Bəzən mən də etinasızlıqla üzləşmişəm. Bu zaman onlara demişəm ki, sizi bu vəzifəyə etimad göstərərək təyin ediblər, sizin işiniz biz qaziləri razı salmaqdır, narazı salmaq deyil. Onların qarşılarındakı insanlar savadsız da ola bilər, ancaq haqlarını tələb edirlər. Qazilərə əlillik təyinatı zamanı da müvafiq qurumlar, həkim komissiyaları, məmurlar üzərlərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir”.

Şəmsəddin Qurbanov təəssüflə döyüş yolu keçməyən, ancaq hərbi forma geyinərək özlərini qazi kimi təqdim edənlərə də rast gəlindiyini söyləyib. Onun sözlərinə görə, bəzən aktiv döyüş əməliyyatlarında faktiki iştirak etməmiş, ancaq bu gün xüsusi imtiyaz və iddialarla çıxış edənlər də olur: “Bununla da Zəfər çalmış ölkənin hərbçiləri olaraq bizim nüfuzumuzu aşağı salırlar. O cür hallar yolverilməzdir. Bugünkü hadisəyə gəlsək, heç bir halda oradakı polisin, nazirlik əməkdaşlarının üzərinə getmək, polisə, hər hansı rəsmi nümayəndəyə qarşı qanunazidd hərəkətlərə yol vermək olmaz”.

“İgidliyə görə”, “Vətən uğrunda”, “Şücaətə görə”, Kəlbəcər, Füzuli və Cəbrayılın azad olunmasına görə medallarla təltif olunan Nicat Abdurrahmanov APA-ya açıqlamasında bildirib ki, hər kəsin Vətən qarşısında borcu var və Vətən müharibəsi iştirakçıları məhz bu borclarını yerinə yetiriblər: “Bunu qazilər də yaddan çıxarmamalıdırlar. Digər tərəfdən, əlbəttə, qazilər haqqını tələb etməlidir. Ancaq bu halda sivil normalardan, qanunlardan kənara çıxılmamalıdır. Mənim polis dostlarım da var. Mən görürəm ki, bu gün aksiya zamanı onlar da pis vəziyyətdə qalıblar. Bu gün keçirilən aksiyadakı davranış, seçilən yol düzgün deyil. Məsələn, mən 11 dəfə əməliyyat olmuşam, real vəziyyətimə görə mənə III qrup əlillik veriblər. Mənə bu əlillik 5 illik verilib. İstəyirəm ki, bu əlillik mənə ömürlük versinlər. Amma hələ bununla bağlı müvafiq qaydada müraciət etməmişəm. Düşünürəm ki, bu müraciətim də normal qaydada müzakirə olunacaq, müvafiq qərar veriləcək. Hər bir addım qanunlar çərçivəsində olmalıdır”.

 

loading...
Diaspora