“Atılan yanlış addımlara görə şəhidlərimizin ruhu bizi bağışlamaz” - Umud Mirzəyev qazilərin aksiyasından danışdı

“Atılan yanlış addımlara görə şəhidlərimizin ruhu bizi bağışlamaz” -  Umud Mirzəyev qazilərin aksiyasından danışdı backend

“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında baş verən hadisələr haqqında məlumat alanda çox məyus oldum. Dövlətimizə və dövlətçiliyimizə bağlı elə səddlər və qırmızı xəttlər var ki, onları qətiyyən keçmək olmaz. Biz 30 illik çətinliklərə baxmayaraq, sərhədlərimizi yağı düşməndən qoruya bildik. Hansısa bir məmurun diqqətsizliyi bizə yanlış addımlar atmağa əsas verə bilməz. Bu dövlət bizimdir, onu qurmaq üçün minlərlə oğullarımız şəhid olub. Atılan yanlış addımlara görə şəhidlərimizin ruhu bizi bağışlamaz”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Ednews-a açıqlaması zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədr müavini Umud Mirzəyev bu gün bir qrup qazinin Nazirliyin qarşısında keçirdikləri aksiya haqqında danışarkən səsləndirib.

“44 günlük Vətən müharibəsi zamanı igidlik göstərən oğullarımızı hər kəs tanıyır. Biz ömrümüzün sonuna qədər onların qarşısında borcluyuq. Şübhəsiz ki, onlarla bağlı ən xırda problem belə operativ şəkildə öz həllini tapmalıdır”.

BAMF-ın prezidenti həmçinin qeyd edib ki, hazırda Qarabağda quruculuq işləri görülür.

“Bu gün orada fasiləsiz minatəmizlənmə prosesi davam edir, infrastrukturun bərpası, yenidənqurma işləri həyata keçirilir. Bununla yanaşı, dünyanın hər yerindən qonaqlar səfər edir, xarici diplomatlar qarşılanır, mühüm tədbirlər təşkil olunur. Bu işləri gözü götürməyən qüvvələr çoxdur. Bu cür hadisələr, yanlış çağırışlar düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Əlbəttə ki, qazilərimizlə bağlı bütün problemlər həll olunmalıdır. Bu işdə hər hansı bir problem yaradan məmurlar layiqli cəzasını almalıdır. Qazilər hər zaman dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Onların tapşırığı ilə qazi və şəhid ailələlərinin problemlərinin həlli istiqamətində ciddi işlər görülüb və görülməkdə də davam edir.”

Qeyd edək ki, bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirərək binanın şüşəsini sındıraraq içəriyə daxil olublar. Qazilərin dövlət qurumunun binasına bu cür daxil olması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Diaspora