Bağça müdirəsi bu fotoları yayan işçini tapdı və məhkəməyə verdi - 3000 manat istəyir

Bağça müdirəsi bu fotoları yayan işçini tapdı və məhkəməyə verdi - 3000 manat istəyir backend

Bağça müdirəsi işçisini məhkəməyə verərək onun cəzalandırılmasını tələb edir. Səbəb isə işçisinin bağçada uşaqların yerdə yatmasını əks etdirən fotoları sosial şəbəkələrdə paylaşmasıdır. Müdirə belə fikirdədir ki, işçisi həmin fotoları məqsədli şəkildə, uşaqları öyrədərək çəkib.

Musavat.com xəbər verir ki, söhbət ötən ilin sonlarında Şəki şəhər qarışıq tipli Uşaq Evində lentə alınan qalmaqallı görüntülərdən gedir.

Həmi fotolarda uşaqların döşəmədə yatdığı görünür. Anonim şəkildə paylaşılan görüntülərlə bağlı yazılırdı ki, bağçada uşaqlar üçün hər cür imkan olmasına baxmayaraq, onlara bu şəraitdən istifadə etmək imkanı verilmir. Uşaqların rejimi düzgün qurulmur. Günorta yuxusunu uşaqlar - qızlar və oğlanlar ayrıca yataq otaqlarında, çarpayıda yatmalıdırlar. Lakin uşaqlar quru döşəmədə yatızdırılır. İddia olunurdu ki, dövlətin verdiyi ərzaq uşaqlara çatdırılmır.

Uşaq evinin müdirəsi İlhamə Məmmədova isə paylaşılan görüntülərin yalan olduğunu deyərək məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirmişdi.

Həmin araşdırmanın nəticəsinin necə olduğu məlum deyil, amma müdirə özü həmin məlumatı kimin paylaşdığını müəyyən edib və onu məhkəməyə verib.

Məlum olub ki, məlumatı paylaşan şəxs bağçada əmək müəllimi rəhbəri vəzifəsində çalışmış Təranə Kərimova olub.

Müdirə Təranə Kərimovanı xüsusi ittiham qaydasında məhkəməyə verərək cəzalandırılmasını, 3 min manat mənəvi zərərin tutularaq ona ödənilməsini istəyib.

İlhamə Məmmədova izahatında göstərib ki, rəhbəri olduğu bağçada karantin dövründə işçilərin 30 faizi işə çıxırmış. Təranə Kərimovanın da 63 yaşı olduğu üçün onu əmək haqqı saxlanılmaqla işə çıxarmayıblar. Bir müddət sonra isə uşaq evinə əvəzçi tərbiyəçi təyin olunduğuna görə həmin ilin iyul ayından Təranə Kərimovadan yarım aklad götürülərək yeni işçiyə verilib. Təranə Kərimova da buna etiraz edib.

Müdirə iddia edir ki, Təranə Kərimova onu hədələyərək sosial şəbəkədə biabır edəcəyini deyib. Bundan sonra da həmin fotoları çəkərək paylaşıb.

Təranə Kərimova isə paylaşılan məlumatın həqiqət olduğunu deyib.

Şəki Rayon Məhkəməsi müdirənin xüsusi ittiham qaydasında şikayət ərizəsini məhkəmənin icraatına qəbul etməyib. Səbəb isə iddia ərizəsinin Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun tərtib edilməsi olub.


 

loading...
Diaspora