Mobil xidmətlərdən istifadə zamanı hər hansı mobil operator tərəfindən hüququ pozulan vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Bunu ANS PRESS-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov bildirib.
Onun sözlərinə görə, mobil operator abunəçiləri xidmətlə bağlı yaranan problemlərə görə operatorun özünə, tənzimləyici orqan olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edə bilərlər. “Bundan başqa əgər abunəçilər hüquqlarının pozulduğunu düşünürlərsə, onların tam hüququ var ki, mülki qaydada məhkəməyə müraciət etsinlər”, - deyə Əlyar Təmirov əlavə edib.Son vaxtlar mobil telefon istifadəçiləri xidmətlərlə bağlı bir çox problemlərlə üzləşdiklərini deyirlər. Vətəndaşların əsas şikayətləri hər hansı bir xidmətə qoşulmadıqları halda onların balansından müəyyən məbləğin çıxarılması ilə bağlıdır. Eyni zaman abunəçilər bildirirlər ki, hər hansı operatora zəng edən zaman qarşı tərəf cavab vermədiyi halda telefon avtomatik olaraq operatora qoşulur və balansdan 5-7 qəpik məbləğində pul çıxılır. Bu hal həm şəbəkədaxili, həm də şəbəkəxarici zənglərdə müşahidə edilir.
Şikayətçilərin əksəriyyəti problemin hər 3 mobil operatorda müşahidə olunduğunu , amma bir mobil operatorda daha tez-tez rast gəlindiyini iddia edirlər. Onların sözlərinə görə, istənilən mobil operator abunəçiləri digər operatorun müştərisinə zəng edarkən bu halla qarşılaşırlar və danışmadıqları halda onların balansından müəyyən məbləğ çıxılır.