Vasif Qurbanzadənin "2914-Biz sülh istəyirdik..." kitabının təqdimat mərasimi olub - FOTO

Vasif Qurbanzadənin "2914-Biz sülh istəyirdik..." kitabının təqdimat mərasimi olub - FOTO backend

Vasif Qurbanzadənin müəllif olduğu "2914-Biz sülh istəyirdik..." kitabının təqdimat mərasimi və imza günü keçirilib.

 

Qaziler.az bildirir ki, Vasif Qurbanzadə tədbirə gələn Şəhid Analarını, Vətən müharibəsində döyüş yolu keçmiş Qaziləri, veteranları və digər qonaqları salamlayaraq,nəşr haqqında ətraflı məlumat verib. Daha sonra tədbirdə iştirak edən Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, dramaturq Əli Əmirli, yazıçı-publisist Mustafa Çəmənli, şair Rəfail Tağızadə, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katıbı şair Xəyal Rza, Qazi-jurnalist Rey Kərimoğlu, jurnalist Səxavət Məmməd və digər söz və qələm ustaları (ziyalılar) çıxış edib kitab haqqında rəy və fikirlərini auditoriya ilə bölüşərək kitabın əhəmiyyətli olmasını vurğulayıblar.

 

Gələcəyə məktub kimi dəyərləndirilən bu kitab vətən sevdalılarının müharibə dövründəki həyat hekayəsidir. Real hadisələrə əsaslanaraq günbəgün qeydə alınan yaşantılar bədii ifadələrin köməyi ilə elə məharətlə təsvir olunub ki, hadisələr adamı müharibənin içinə aparır.

 

44 günlük Qarabağ müharibəsinin xronologiyası, vətən, torpaq sevgisi və 28 illik yurd həsrətinin Qələbəylə yekunlaşması, sevincin gizlinindəki kədər, müharibənin yaratdığı itkilərlərlə yanaşı, zəfərə susamış xalqın Qarabağ üçün ayağa qalxması kövrək çalarlarla təsvir olunub.

 

Amansız və qanlı döyüş meydanı ilə paralel, mübarizənin heç də az amansız olmayan informasiya məkanında və siyasi müstəvidə də aparılması sözügedən nəşrdə xronoloji qaydada yer alıb. Bu yükü öz üzərinə götürən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin əsaslı faktlara söykənən çıxışları, yerli və xarici mətbu orqanlara verdiyi müsahibələr də kitabda öz əksini tapıb.

 

Bundan başqa Xalq yazıçısı Çingiz Abdullayevin rus kanallarında düşmən cəbhəsi dəyirmanına su tökənlərə tutarlı cavabları da nəşrdə nəql edilib.

 

Canlı müşahidələr nəticəsində qələmə alınaraq, gələcək nəsillərə ötürülməsi baxımından faydalı olması bu kitabın dəyər göstəricisidir.

Diaspora