Atasının ölüm xəbərini alan Qadirin qızı: "Bütün xəyallarım puç oldu"

Atasının ölüm xəbərini alan Qadirin qızı:  "Bütün xəyallarım puç oldu" backend

"Dünən Qadirin ciyər-parası, qızı Arzunu hava limanında qarşılamağa getmişdim. Səhər 09.20-də Rey Kərimoğlu ilə Qadirin səhhəti barədə söhbətləşirdik. Hacı Niyaz da bu zaman zəng etdi. Qərara gəldik ki, Arzunu qarşılamağa mən gedim. Saat 10.00-da Qadirin ölüm xəbərini eşidəndə sanki donub qaldım. İlahi, bu xəbəri Arzuya necə deyəcəm, o məzlum qızcığazın gözlərinə necə baxacam? Ona necə deyəcəm ki, səni dünyalar qədər sevən, hər dəfə övladlardan söz düşəndə "mənim canım Arzum" deyən “ATA”n daha həyatda yoxdur. Əlim işə yatmır. Hövsələm daralır. Zaman sanki dayanıb. Onu qarşılamağa tək getmədim..."

Qaziler.az xəbər verir ki, bu acı xatirəni politoloq-jurnalist Rauf Rəcəbov feysbuk səhifəsində paylaşıb: 

"Qızım Leylanı da özümlə apardım.Yolboyu bu müzakirələri apardıq. Nəhayət, saat 14:30-da İstanbul-Bakı reysi ilə gələn təyyarə yerə enir. Həyəcandan ürəyimiz döyünür. Nəhayət o an gəlir. İkimiz də gözlərimizi o qapıya zilləmişik. Arzu gəldi. Atası kimi onu bağrıma basıram. Qəhərdən boğuluram. Üçümüz də bir-birimizə sarılıb göz yaşlarımızı saxlaya bilmirik. Arzunu hər zaman gülərüz və sevincli görmüşdüm. Bu dəfə sanki çöhrəsi solmuşdu. Danışmağa belə halı yox idi: "Rauf əmi mən hər şeyi bilirəm. Anam təyyarəyə minəndə xəbər verdi". 

Maşına doğru irəliləyirik. Ayaqlarım sanki getmir: "Atam məni çox istəyirdi. Bəs niyə məni atıb getdi? Gedişi qəlbimə ox kimi həmişə batacaq. Hər gün təzələnib incidər məni. “Ata” sözü get-gedə ürəyimin ağrısına çevriləcək". Yol çantasını avtomobilin saxlanc yerinə qoyuram. Özümü yubadıram. Siqareti bəhanə edib ləngiyirəm. İlahi mən bu uşağa nə cavab verim? Qəhər məni boğur. Arzu sanki bu üç saatda daha da böyümüşdü, müdrikləşmişdi. Maşına minib söhbəti dəyişmək istəyirəm: "Rauf əmi, bu zəng hər şeyin sonu idi mənim üçün. Bütün xəyallarım, ümidlərim puç oldu". Güzgüdən arxaya baxa bilmirəm. Ürəyimə sanki yağış yağır. Qəhərdən danışa bilmirəm. Uzun sükutdan sonra "həyatın qanun belədir, qızım! Övladlar öz valideynlərini dəfn edirlər. Bunun tərsi baş verəndə - valideyn övladını dəfn edəndə bu, böyük bir ədalətsizlik olar. Övlad ölümü həyat üçün adilik, bizim üçün isə faciədir".

 Sonuncu dəfə də olsa səsini eşitmək istəyirdim. Arzunun sualları evə çatana kimi bitmədi...

May ayının 20-si Qadiri sevənlər üçün çox ağır bir gün oldu!

Yerin cənnət olsun, Qadir! Allah sənə rəhmət eləsin!"

Diaspora