“Meymun çiçəyi” nədir və Azərbaycanı hansı təhlükə gözləyir?

“Meymun çiçəyi” nədir və Azərbaycanı hansı təhlükə gözləyir? backend

Koronavirus pandemiyasının əsarətindən qurtulduğumuz və “müstəqilliyimizin” ilk aylarını yaşadığımız bu günlərdə bir qara xəbər kefimizə soğan doğramağa hazırlaşır. Xarici mətbuatda yayılan xəbərlər də bunu deməyə əsas verir. Görünən odur ki, getdikcə daha çox ölkə insanların Afrika virusuna yoluxma halları barədə məlumatlar verir. Avropa ölkələrində qeydə alınan “meymun çiçəyi” ilə bağlı vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı artıq ekspertlərin  fövqəladə toplantısını çağırıb. Bildirilib ki, təcili təşkil olunan görüşdə xəstəliyin ötürülməsi yolları, eləcə də vaksinlərlə bağlı vəziyyət iclas zamanı müzakirə ediləcək əsas mövzular olacaq. 

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, hələlik “meymun çiçəyi” epidemiyası ehtimalına dair heç bir dəlil yoxdur. Hesab olunur ki, bu virusun insandan insana ötürülməsi onu insan populyasiyasında saxlamaq üçün kifayət etmir. 

Bəs xəstəliyin təhlükəsi nədir və özümüzü necə qorumalıyıq, əlamətləri hansılardır? Yaluxuculuq qabiliyyəti hansı səviyyədədir və müalicə olunurmu? 

XəzərXəbər xəbər verir ki, bütün bu sualların cavablarını Publika.az eskpertlərdən öyrənib. 

“Meymun çiçəyi” ilk dəfə harda aşkar olunub?

Xəstəliyin kökü Afrikaya gedib çıxır və ilk dəfə 1970-ci ildə Konqodan olan doqquz yaşlı bir uşaqda aşkar edilib. O vaxtdan bəri, daha üç onillik ərzində virus qitə daxilində yayılıb. 2003-cü ildə xəstəlik ABŞ-da peyda olub və müəyyən edilib ki, oradakı insanlar meymunlardan deyil, gəmiricilərdən - ev çöl itlərindən yoluxublar. Məlum olub ki, heyvanlar Qanadan gətirilən heyvanlarla eyni yerə yerləşdirildikdən sonra xəstələniblər.

Daha sonra araşdırmalar göstərib ki, virusun iki növü var: biri Konqo hövzəsində, digəri isə Qərbi Afrikada üstünlük təşkil edir. Eyni zamanda, birincisi daha ölümcüldür (xəstələrin təxminən 10 faizi ölür). İkinci variantın ölümcülliyi cəmi 1% təşkil edir. Xoşbəxtlikdən, son yoluxmaların çoxu “Qərbi Afrika meymun çiçəyi”dir.

“Meymun çiçəyi” necə ötürülür?

ÜST-nin məlumatına görə, infeksiya xəstə heyvanların dərisi, selikli qişaları, qanı və digər bioloji mayeləri ilə birbaşa təmasda olur. Bundan əlavə, kifayət qədər yaxşı bişirilməyən bir heyvanın ətini yedikdən sonra yoluxa bilərsiniz.

Əlamətləri hansılardır?

İnfeksiyadan sonra inkubasiya müddəti 21 gündür. Yüksək hərarət, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi və halsızlıq ilə özünü göstərməyə başlayır. Üç gündən sonra bir səpgi meydana gəlir: əvvəlcə üzdə, ağız boşluğunun selikli qişasında, sonra bədənin digər hissələrində, adətən cinsiyyət orqanlarında görünür. Görünşcə bəzən suçiçəyi, bəzən sifilisə bənzəyir. Əksər hallarda, xüsusən də insandan insana keçdikdə, xəstəlik öz-özünə yox olur.

Homoseksuallıqla mümkün əlaqə

Son vaxtlara qədər infeksiyanın cinsi yolla ötürülməsinə dair heç bir sübut yox idi. Amma indi onlar meydana çıxır və Avropada özünəməxsus tendensiya yaranır. İspaniyada infeksiyaya yoluxduğu təsdiqlənmiş ilk yeddi kişinin gey olduğu bildirilir. Yoluxmuş doqquz britaniyalının altısı gey və biseksualdır. Britaniya Səhiyyə Nazirliyinin mütəxəssisləri artıq xəstələrin getdiyi gey-barları, klubları və saunaları yoxlayır. Portuqaliyada beş yoluxmanın hamısının kişi olması da diqqətəlayiqdir. 

90 faiz simptomlar bir-birinə bənzəyir

TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. 

“İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınıb. Azərbaycanda “meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb. Bu simptomla bağlı heç bir müraciət daxil olmayıb. 

Virus mənşəli xəstəlikdir. Daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub. 

Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir. Çiçək virusuna nisbətən “meymun çiçəyi” virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir.

Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir. Yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır. Lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. 

Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilikatik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olmuşdur. 

Su çiçəyi və “meymun çiçəyini”nin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqi ondan ibarətdir ki, “meymun çiçəyi” xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. “Meymun çiçəyi” xəstəliyi su çiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunur”.

Çox qaşıntılı olur!

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, Avropa ölkələrində “meymun çiçəyi” virusunun yayılması ölkəmizin vətəndaşlarını haqlı olaraq təşvişə salır:

“ “Meymun çiçəyi” xəstəliyi suçiçəyinə çox bənzəyir. Virusa adətən Qərbi Afrika ölkələrində, tropik meşə ətraflarında daha çox rast gəlinir. Virusun iki ştammı mövcuddur, Qərbi və Mərkəzi Afrika ştammı. İlk olaraq qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, zəiflik, əzələdə ağrı kimi şikayətlər ola bilər. Qızdırma azaldıqdan sonra səpgilər artıq əmələ gəlir. Səpgilər üz nahiyəsindən başlayıb, daha sonra bədənin digər nahiyələrinə yayılır. Əksər hallarda isə ovuclarda və ayaqlarda daha çox rast gəlinir. Çox qaşıntılı olur. Səpkilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Odur ki, qaşınmaması və qoparılmaması tövsiyə olunur. Ötürülmə yolları adətən yaxın təmasla, tənəffüs yolları ilə, selikli qişa ilə və cinsi əlaqə yolu ilə baş verir. Həmçinin yoluxmuş meymundan, dələdən, siçandan da yoluxma ola bilər. Yoluxmuş insanın paltarlarından belə təmas vaxtı yoluxma mümkündür. Adətən yüngül formada keçir, bəzən 2-3 həftə ərzində öz-özünə sağala bilir.

Virusun aşkarlandığı ölkələrdə ölüm halları çox az qeydə alınıb, ölkəmizdə isə bu virus hazırda yoxdur. Olmaması üçün də yetərincə, tədbirlər həyata keçirilir. Vətəndaşlarımıza səslənmək istəmirəm, əgər qızdırma və səpgi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət etsinlər”.

Azərbaycanda yayıla bilərmi? 

İnfeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir: “Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə “meymun çiçəyi” virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar olacaq. Hazırda bu ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər. İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə “meymun çiçəyi” virusundan qorunmaq olar”.

Epidemioloji təhlükə yaratmır

Virusoloq, tibb elmləri doktoru, N.F.Qamaley adına Milli Elmi-Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Altşteynin sözlərinə görə, bir heyvana toxunmaqla meymun çiçəyinə yoluxma ehtimalı çox azdır, bunun üçün xəstə heyvanın cəsədi ilə uzun müddət təmasda olmaq lazımdır. 

“Əgər insan heyvanlardan yoluxubsa, onun ölüm nisbəti daha yüksək olacaq, birdən on faizə qədər ola bilər. Virus insandan insana keçirsə, ölümcüllük çox cüzidir. “Meymun çiçəyi” epidemioloji təhlükə yaratmır. İndi virusun bir növ təkmilləşdirilmiş versiyası olsa belə, uzun müddət insandan insana keçə bilməz və buna görə də epidemioloji təhlükə yaratmır. Virusun hər ötürülməsi ilə onun yoluxuculuğu zəifləyir, ona görə də meymun çiçəyi həkimləri ciddi narahat etmir, adətən kiçik epidemiyalar müşahidə olunur. Ən çox xəstəliyin daşıyıcısı gəmiricilər və meymunlardır və insan onlardan yoluxa bilər”, - professor qeyd edib. 

Növbəti peyvənd böhranı

Dünya təbabətində bu xəstəliyə qarşı xüsusi peyvənd və ya dərman preparatları yoxdur. Ancaq çiçək xəstəliyinə qarşı peyvəndlər var, virusoloqların sözlərinə görə, ona qarşı peyvəndlər də bu virusa qarşı kömək edir. 1980-ci ildən dünyada çiçək xəstəliyi məğlub sayılır, odur ki, indi ona qarşı məcburi peyvənd yoxdur. Yeri gəlmişkən, “meymun çiçəyi” hazırda gənclər üçün xüsusilə təhlükəli hesab olunur. Ona görə ki, gənc nəsil çiçək xəstəliyinə qarşı peyvənd olunmayıb. Bununla belə, çiçək xəstəliyinə qarşı peyvəndlər mövcuddur və riskli bölgələrdə verilir. Çiçək peyvəndi istehsalı davam edir, çox yaxşı və uzun müddət saxlanıla bilər, ona görə də ehtiyatlar var. Böyük Britaniya son hadisələr fonunda bu peyvəndin bir neçə min dozasını alıb. O, “meymun çiçəyi” ilə mübarizə üçün təsdiq edilməyib, lakin səlahiyyətlilərin fikrincə, bu halda zəruri hallarda zəruri məqsədlər üçün istifadə edilə bilər.

“Meymun çiçəyi” xəstəliyinin müalicəsi yoxdur

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev də “Gazeta.ru”ya müsahibəsində bildirib ki, Avropanın bir sıra ölkələrində halları aşkarlanmış “meymun çiçəyi” virusu təhlükəli xəstəlikdir və onun müalicəsi yoxdur. “Virus kifayət qədər təhlükəlidir, halların təxminən 1 faizi ölümcül ola bilər, virusa qarşı dərman yoxdur”, - o bildirib.

Eyni zamanda, Lukaşev qeyd edib ki, görünür, xəstəlik kifayət qədər ləng yayılır, ona görə də lazım gələrsə, ona nəzarət etmək koronavirusdan daha asan olacaq.

Hansı ölkələrdə tapılıb?

İspaniyada artıq 30 təsdiqlənmiş hadisə var. Virus orada aprel ayından yayılır, lakin iddia edilən halların əksəriyyəti mayın 7-8-də aşkarlanıb.

Böyük Britaniyada doqquz xəstəyə diaqnoz qoyulub, onlardan altısı Londondadır. Müəyyən edilmiş ilk yoluxma Nigeriyadan gəlib. Qalanları, ən azı mövcud məlumatlara görə, Birləşmiş Krallıq daxilində yoluxmuş hesab olunur. Eyni zamanda, daha 11 britaniyalıda virusa yoluxmaqda şübhəli bilinir.

Portuqaliyada beş təsdiqlənmiş hadisə var, daha 15-i xəstəliyə şübhəli bilinir.

Kanadada 13 nəfər diaqnozun təsdiqini gözləyir.

Bu yaxınlarda Kanadadan gələn ABŞ-da təsdiqlənmiş bir yoluxma var.

İtaliyada Kanar adalarından təzəcə qayıdan bir nəfərdə “meymun çiçəyi” aşkar edilib. Daha iki italyan test nəticələrini gözləyir.

İsveçdə də indiyə qədər Stokholmda müəyyən edilmiş bir təsdiqlənmiş yoluxma var.

Avstraliyada bir yoluxma qeydə alınıb. 

loading...
Diaspora