Daha əlilliyin təyini dərəcə ilə deyil, faizlə göstəriləcək

Daha əlilliyin təyini dərəcə ilə deyil, faizlə göstəriləcək backend

Qaydalara dəyişiklikdə Azərbaycan Türkiyə modelinə üstünlük verib

 “Ümid edirik ki, əlilliyin qiymətləndirilməsiylə bağlı mövcud qaydalara edilən dəyişiklik əlillik dərəcəsi ləğv edilmiş müharibə əlillərinin yenidən təqaüd almasına şərait yaradacaq”. Bu fikri “Şərq”ə açıqlamasında "Qarabağ Qaziləri" Birliyinin sədri Asəf Əliyev səsləndirdi. Birlik sədri vurğuladı ki, sabiq nazir Səlim Müslümovun 2015-ci ildə Milli Məclisə təqdim etdiyi sənəd millət vəkilləri tərəfindən araşdırılmadan parlamentdə qəbul edildi. 

S.Müslümovun təqdim etdiyi sənəddə  ovaxtadək əlilliyin təyini üçün meyar hesab edilən 1500 xəstəlik siyahıdan çıxarılmışdı. Nəticədə Qarabağ əlillərinin böyük bir qisminin təqaüdləri kəsildi. Qarabağ Qaziləri Birliyi, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə fəaliyyəti və davamlı müraciətləri nəhayət eşidildi. Və artıq yeni dəyişikliyə əsasən 800 xəstəlik növü yenidən əlilliyin təyini siyahısına daxil edilib. Bu isə həm Birinci Qarabağ müharibəsi qazilərinin, eləcə də İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi qazilərinin əlilliyinin təyinində müsbət dəyişikliyə səbəb olacaq. 

Qeyd edək ki, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sənədə aşağıdakı məzmunda 1.8-1.12-ci və 1.14-cü bəndlər əlavə edilir: 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.12. 15 yaşınadək şəxslərdə əmək fəaliyyəti bacarığı dəyərləndirilmir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.” Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Təsdiq edilmiş dəyişikliyin müsbət olduğunu vurğulayan QQİB-nin sədri Asəf Əliyev bildirdi ki, bundan sonra əlilliyin təyini dərəcə ilə deyil, faizlə göstəriləcək: - Qeyd edildiyi kimi əlilliyin təyini üçün orqanizm funksiyalarının 30 faizdən artıq pozulması halı mövcud olmalıdır. Amma məsələn, Almaniyada əlilliyin təyini 20 faizdən başlayır. 

Yəni az, nisbətən yüngül xəsarət almış şəxslərə də əlillik faizi təyin edilir. Hətta kompensasiya da ödənilir. Hesab edirəm ki, qaydalara dəyişiklikdə Azərbaycan Türkiyə modelinə üstünlük verib. Amma Türkiyədə də hərbi əməliyyatlar zamanı yüngül xəsarət alanlara əlillik faizi təyin edilir. Bizdə də bu qayda tətbiq edilsə, əlbəttə daha yaxşı olar, Vətən uğrunda döyüşərək müxtəlif xəsarətlər alanlara da müəyyən məbləğdə təqaüd təyin edilər. Qayda dəyişikliyində müsbət olan budur ki, əlilliyin təyini üçün əvvəllər siyahıda olmayan bir neçə xəsarət və yaralanmalar – güllə, qəlpə yarası, dəlib keçmiş güllə yarası, kəllə-beyin travması, kantuziya halları da siyahıya əlavə edlib. Bu da daha artıq müharibə qazisinə əlilliyin təyini üçün imkan verəcək, daha artıq qazimiz təqaüd ala biləcək.

Qaydalara dəyişiklikdən əvvəl əlilliyi ləğv edilmiş və ya əlillik ümumiyyətlə təyin edilməmiş qazilərin almadıqları təqaüdlər necə, ödəniləcəkmi? 

A.Əliyev qeyd etdi ki, əlilliyin yenidən təyini müddəti 6 aydır. Əgər əlilliyin təyini 6 ay müddətində təsdiqlənirsə, ödənilməmiş təqaüdlər ödənilir. Amma əlilliyin təyini və ya əlilliyin təkrar təyini üçün 6 aydan artıq müddət keçirsə, ödənilməmiş təqaüdlər ödənmir. Bunun özü də müharibə qazilərinin, eləcə də digər kateqoriyalara mənsub əlilliyi olan vətəndaşlara maddi sıxıntı yaradır. Çünki bir çox hallarda əlilliyin təyini müddətinin uzanması vətəndaşlardan deyil, məmurlardan asılı olur. Yaxşı olar ki, əlilliyi yenidən təsdiqlənmiş şəxslərə ödənilməmiş təqaüdləri müddətdən asılı olmayaraq ödənsin. 

Diaspora