Bakıda Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir.
Musavat.com xəbər verir ki, forumda dövlət qurumlarının rəsmiləri, Azərbaycan və Türkiyənin QHT sektorunun nümayəndələri iştirak edirlər.
Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir keçirilir və gələcəkdə hər il keçiriləcək. Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib: "Forum ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Bu məqsədlə ənənəvi olaraq hər il Azərbaycan və Türkiyədə bu Forum keçiriləcək".
Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib ki, hər il Qeyri-Hökümət Təşkilatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təklifləri verilir.
O bildirib ki, bu il də müxtəlif təkliflər verilib: "Təkliflər QHT-in qeydiyyat prosesinin sadələşdirilməsi, onların maliyyə əldə etməsi və regionlarda tədbirlərin keçirilməsi və başqa məsələləri əhatə edib".